Süveyş kanalından keçidlərdə artım müşahidə olunur
Süveyş kanalından keçidlərin sayı artıb. Misir rəsmiləri Husilər tərəfindən elan edilən son atəşkəsdən sonra Asiya ilə Avropa arasındakı əsas ticarət arteriyasının tam şəkildə normallaşacağına ümid edirlər.
Seanews.az "Clarksons"-un məlumatına istinadən xəbər verir ki, oktyabr ayında həftəlik orta hesabla Süveyş kanalından 244 gəmi keçib. Bu rəqəm noyabrda 269-a yüksəlib. 2025-ci ilin ilk doqquz ayı üzrə orta göstərici həftəlik 229 keçiddir. Lakin bu səviyyə 2023-cü ilin sonlarında başlayan marşrut dəyişikliklərindən öncə qeydə alınan 495–500 keçidlik həftəlik göstəricidən xeyli aşağıdır.
Süveyş Kanalı İdarəsinin (SCA) rəhbəri admiral Ossama Rabiee həftəsonu "CMA CGM" gəmisinə səfəri zamanı bildirib: “Qırmızı dənizdə sabitliyin bərpası gəmiçilik şirkətlərinin naviqasiya planlarını yenidən gözdən keçirmələrini və Bab əl-Məndəb ilə Süveyş kanalından keçidlərə qayıtmalarını tələb edir”.

