"MOL" və "PSA Singapore" Sinqapurda Ro-Ro terminalının yaradılması üçün birgə müəssisə qurur
Yaponiyanın iri gəmiçilik qrupu "Mitsui O.S.K. Lines" (MOL) və "PSA Singapore" Sinqapurda Ro-Ro terminalının yaradılması məqsədilə birgə müəssisə təsis edəcək.
"Seanews.az" xəbər verir ki, tənzimləyici qurumların təsdiqindən sonra birgə müəssisə çərçivəsində fəaliyyət göstərəcək terminalın bu ilin birinci yarısında istismara verilməsi planlaşdırılır.
Sinqapur Cənub-Şərqi Asiyanın ən böyük avtomobil tranzit mərkəzidir. Bu liman Asiyanı əsas qlobal bazarlarla birləşdirir və avtomobillərin istehsal məntəqəsindən son bazara daşınması zamanı geniş regional əlaqələr və xidmətlər təqdim edir.
"MOL"un açıqlamasında bildirilir ki, tərəfdaşlıq şirkətin Ro-Ro xidmətləri üzrə terminal xidmətlərinin etibarlılığını və əməliyyat səmərəliliyini artıracaq, eyni zamanda avtomobil daşımalarına artan tələbatın qarşılanması üçün uzunmüddətli terminal gücünün təmin olunmasına imkan verəcək.
Birgə müəssisə çərçivəsində "MOL" özünün geniş qlobal xidmət şəbəkəsini və avtomobil istehsalçıları ilə formalaşmış müştəri bazasını təqdim edəcək, "PSA" isə terminal operatoru kimi zəngin təcrübəsini layihəyə cəlb edəcək.
"PSA International" şirkətinin Cənub-Şərqi Asiya üzrə regional baş icraçı direktoru Nelson Quek bildirib ki, "PSA Singapore" uzun illərdir qlobal ticarətin əsas dayaqlarından biri kimi dünya tədarük zəncirlərində etibarlı və strateji mərkəz rolunu oynayır: “Bu tərəfdaşlıq avtomobil terminalımızın qlobal şəbəkəyə daha dərindən inteqrasiyasını təmin etməklə, avtomobil logistikasının bütün dəyər zənciri üzrə fasiləsiz əlaqəni gücləndirir.”
"MOL"un baş icraçı direktorunun müavini, baş idarəedici meneceri Jotaro Tamura isə qeyd edib ki, bu investisiya şirkətin region üzrə strategiyasının mühüm hissəsidir: “Layihə "MOL"un avtomobil biznesini yalnız gəmiçilik fəaliyyəti ilə məhdudlaşdırmadan genişləndirməsinə, eyni zamanda miqyasın böyüdülməsinə, səmərəliliyin artırılmasına, dayanıqlılığa və rəqəmsal innovasiyalara töhfə verəcək.”
Qeyd edək ki, dünya üzrə 600 limanla əlaqəyə malik olan "PSA Singapore" 2025-ci ildə 44,5 milyon TEU konteyner yükgötürmə əməliyyatı həyata keçirib.

