Qətər və BƏƏ-nin LNG yükləri Hörmüz boğazından kənarda gəmidən-gəmiyə köçürülüb
Gəmi izləmə şirkətlərinin məlumatına görə, son həftələrdə Qətər və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yüklənmiş üç mayeləşdirilmiş təbii qaz (LNG) yükü Hörmüz boğazından kənarda gəmidən-gəmiyə (STS) köçürülərək Hindistan və Yaponiyaya göndərilib.
“Seanews.az” xarici mediaya istinadla bu barədə xəbər verir.
Məlumata görə, “GasLog Shanghai” LNG daşıyıcısı avqustun sonlarında Oman sahillərində “GasLog Savannah” gəmisi ilə STS əməliyyatı həyata keçirib. “GasLog Shanghai” iyulun 31-də Hörmüz boğazından çıxarkən naməlum mərmi ilə vurulmuşdu.
Digər əməliyyatda “QatarEnergy”nin idarə etdiyi “Al Rekayyat” LNG tankeri avqustun ortalarında BƏƏ-nin şərq sahillərində “Tembek” gəmisi ilə yükü gəmidən-gəmiyə köçürüb. Ras Laffanda yüklənmiş LNG daha sonra “Tembek” tərəfindən Hindistanın Dahej terminalına çatdırılıb.
Üçüncü əməliyyat isə BƏƏ-nin “ADNOC” şirkətinə məxsus “Mraweh” tankeri ilə “LNG Enugu” arasında Oman sahillərində həyata keçirilib. “Mraweh” Das adasından yüklədiyi LNG-ni “LNG Enugu”ya ötürüb. Hazırda sonuncu gəmi Yaponiyanın Futtsu limanına doğru hərəkət edir.
Hörmüz boğazında gərginliyin artması və kommersiya gəmilərinə hücumlar fonunda həyata keçirilən bu əməliyyatlar LNG daşımalarının təhlükəsizliyinin təmin edilməsi üçün alternativ üsullara ehtiyacın artdığını göstərir.

