Panama dövləti qitələrarası neft dəhlizinin tam sahibi olub
Panama dövləti strateji əhəmiyyətli neft nəqli sistemini idarə edən “Petroterminal de Panamá”nın qalan 41%-lik payını 191,7 milyon dollara alaraq şirkətdəki payını 100%-ə çatdırıb.
“Seanews.az” xəbər verir ki, “Petroterminal” Karib sahilindəki Çiriqui Qrande və Sakit okean sahilindəki Çarko Azul terminallarını 131 kilometrlik neft kəməri ilə birləşdirir. Bu sistem Panama kanalından istifadə etmədən xam neft və neft məhsullarının iki okean arasında daşınmasına imkan verir və ayda təxminən 10 milyon barel yük ötürə bilir.
Dərin sulu Çarko Azul terminalı VLCC tipli supertankerlərə xidmət göstərə bildiyindən, sistem Panamanı okeanlararası neft daşımalarında mühüm mövqeyə çıxarır.
Panama hökuməti mövcud əməliyyat və müqavilələrin dəyişməyəcəyini, tam mülkiyyətin isə strateji enerji, logistika və dənizçilik infrastrukturuna nəzarəti gücləndirəcəyini bildirib.
Müqavilə şirkətin 1977-ci ildə imzalanmış ilkin razılaşmasındakı satınalma hüququ əsasında həyata keçirilib və “Petroterminal”ın gəlirləri və gələcək pul vəsaitləri hesabına maliyyələşdirilib.

