Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

ı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçir

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri mərasimdə iştirak ediblər. Prezident İlham Əliyev açılış mərasimində çıxış edib. -Hörmətli xanımlar və cənablar. Hörmətli qonaqlar. Mən sizin hamınızı səmimiyyətlə salamlayıram və Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bugünkü təntənəli mərasimdə qardaş, dost ölkələrdən qonaqlar gəlmişlər. Mən xüsusilə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Gürcüstanın, Qazaxıstanın, Özbəkistanın Baş nazirlərini, Tacikistanın, Türkmənistanın nazirlərini salamlayıram və bu mərasimdə iştirak etdiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm. Əziz qonaqlar, sizin bu gün bu mərasimdə iştirakınız Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha əyani şəkildə göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, ondan sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq. Biznesin inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti var. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı anlaşma Gürcüstanda imzalanmışdır, ondan sonra Türkiyədə təməlqoyma mərasimi keçirilmişdir və nəhayət, bu gün biz Azərbaycanda, burada, Ələtdə bu yolun açılışını qeyd edirik. Bu yolun tikintisi Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun, qardaşlığın nəticəsidir. Üç ölkə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər, bir-birini dəstəkləyirlər, ölkələrimiz, xalqlarımız üçün önəmli olan, dünya üçün önəmli olan layihələri icra edirlər. Bakı-Tbilisi-Qars bu layihələrin arasında öz layiqli yerini tutmuş bir layihədir. Ondan əvvəlki dövrdə biz böyük tarixi əhəmiyyətə malik olan Bakı–Tbilisi-Ceyhan neft kəmərinin açılışını bərabər qeyd etmişdik. Ceyhan şəhərində o təntənəli mərasim mənim xatirimdədir, 2006-cı ildə əziz qardaşım Prezident Ərdoğanla birlikdə o kəməri açmışdıq. Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən böyük bir infrastruktur layihəsidir və bu gün bu kəmərlə, eyni zamanda, Xəzərin şərq hissəsindən də neft nəql edilir. Yəni, bizim ölkələrimiz eyni zamanda başqa ölkələr üçün də tranzit imkanları təqdim ediblər. Ondan bir il sonra – 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum kəməri yenə də Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı əməkdaşlıq hesabına inşa edilmişdir. O layihə də həm Azərbaycanın, həm Gürcüstanın, həm Türkiyənin enerji təhlükəsizliyini təmin edir və 10 ildir ki, uğurla fəaliyyət göstərir. Üç ölkə, eyni zamanda, öz elektrik xətlərini birləşdirmiş və bu gün bu sahədə də əməkdaşlıq uğurla inkişaf edir. Təbii ki, dünya miqyaslı, Avropanın ən böyük infrastruktur layihəsindən biri olan Cənub Qaz Dəhlizi də məhz Azərbaycan, Gürcüstan, Türkiyənin və digər ölkələrin birgə fəaliyyəti nəticəsində yaradılır. Bu layihənin icrası uğurla gedir. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizinin 4 hissəsi var. “Şahdəniz-2” layihəsi 98 faiz icra edilib. Cənubi Qafqaz kəməri Azərbaycanı Gürcüstanla birləşdirən qaz xəttidir, orada icra səviyyəsi 99 faizdir. Cənub Qaz Dəhlizinin əsas hissəsini təşkil edən TANAP layihəsinin də icrası 84 faiz səviyyəsindədir. TAP layihəsinin icrası isə təqribən 60 faizə yaxındır. Yəni, Bakı-Tbilisi-Qars dəmir yolu da əvvəl icra edilmiş layihələrin əsasında yaradılıb. Təbii ki, əgər biz əvvəlki dövrlərdə enerji, neft-qaz sahəsində bu nəhəng, böyükmiqyaslı layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars haqqında ancaq danışa bilərdik. Onu da qeyd etməliyəm ki, bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil, bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Ancaq üç ölkə göstərdi və sübut etdi ki, bu, mümkündür. Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr – Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir. Bu dəmir yolu layihəsinə Orta Asiya ölkələri, o cümlədən Qazaxıstan böyük maraq göstərir. Həmin ölkələrdən gəlmiş nümayəndə heyətlərinin, yüksək vəzifəli şəxslərin bu mərasimdə iştirakı bunu əyani şəkildə göstərir. Biz əminik ki, yüklərin daşınması istiqamətində əlavə imkanlar yaranacaq və bizim ölkələrimizin Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmləndiriləcək. Avropa üçün bu yolun böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə artıq müvafiq danışıqlar aparmışdır. Avropa ölkələri də bu yolun tikintisinə çox böyük maraq göstərirlər. Onu da qeyd etməliyəm ki, Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində önəmli addımlar atır. Azərbaycan ərazisində Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı bütün işlər tamamlanıb, yəni, bütün infrastruktur hazırdır. Eyni zamanda, Azərbaycan digər ölkələrdə infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur. Biz indi Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işləyirik, çalışırıq və hesab edirəm ki, bu, mümkündür. Əminəm ki, gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcəkdir. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək. Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir. Bütövlükdə deyə bilərəm ki, Azərbaycan nəqliyyat sektoruna çox böyük önəm verir. Azərbaycanda bu sahəyə çox böyük sərmayə qoyulur. 2004-cü ildən bu günə qədər Azərbaycanda 11 min kilometr avtomobil yolu tikilmişdir, 6 beynəlxalq hava limanı istifadəyə verilmişdir. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycanda 20-yə yaxın iri yük təyyarəsi fəaliyyət göstərir. Azərbaycanın Xəzər dənizində ən böyük dəniz donanması var – 270 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır. Azərbaycanda bir neçə il bundan əvvəl böyük gəmiqayırma zavodu tikilmişdir. Bu zavod bütün növ gəmiləri istehsal edir. Gələcəkdə Xəzərdə yükdaşımaların gözlənilən artımı ilə bağlı bu zavod daha böyük həcmlə işləyəcək. Əlbəttə ki, nəqliyyat infrastrukturumuzun önəmli hissəsi bax, bu gün burada toplaşdığımız Ələt Beynəlxalq Dəniz Ticarət Limanıdır. Bu limanın tikintisi uğurla gedir, artıq liman fəaliyyət göstərir. Ancaq limanın birinci fazasının istismara verilməsi gələn ilin ortalarında nəzərdə tutulur. Ondan sonra ildə 15 milyon ton yük və 100 min konteyner bu limandan keçəcək. İkinci mərhələsinin başa çatması nəticəsində isə Ələt limanının imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə bərabər olacaq. Yəni, son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna qoyulan sərmayə artıq çox güclü infrastruktura gətirib çıxarıb. Bu infrastruktur həm ölkəmiz, həm bölgə və həm də dünya üçün böyük əhəmiyyət kəsb edir. Bir daha qeyd etmək istəyirəm ki, Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik. Əlbəttə, bir daha demək istəyirəm ki, bu layihənin həyata keçirilməsi ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olmuşdur. Biz heç bir yerdən heç bir yardım, heç bir kredit almadıq, öz daxili imkanlarımız hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk. Əziz dostlar, bu gözəl tarixi hadisə münasibətilə sizi bir daha təbrik etmək istəyirəm. Əminəm ki, Bakı-Tbilisi-Qars yolu həmişə açıq olacaq. Sağ olun. x x x Sonra Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Özbəkistanın Baş naziri Abdulla Aripov çıxış etdilər. Türkiyənin Baş naziri Binəli Yıldırımın təbrik məktubu oxundu. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Çıxışlardan sonra Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı videoçarx nümayiş olundu. Sonra dövlət və hökumət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çivlərini vurdular və yoldəyişən qurğunu işə saldılar. Bununla da Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən ilk yük qatarı yola salındı. Dövlət və hökumət başçıları memorial daşın üzərindən örtüyü götürdülər və birgə foto çəkdirdilər. Sonda dövlət və hökumət başçıları qatarla açılış mərasiminin keçirildiyi Ələt limanından Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Ələt dəmir yolu stansiyasına yola düşdülər. x x x Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq. Belə ki, üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. Bu, onu göstərir ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqinin iki dəfəyədək azalması müşahidə olunacaq ki, bu da layihənin iqtisadi səmərəsini daha da artırır. Bakı-Tbilisi-Qars dəmir yolunun digər önəmli cəhəti isə Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır. Bu dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır