Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

istikanın memarlı

Azərbaycan Qafqazda seçilən, dünyanın aparıcı dövlətləri tərəfindən qəbul edilən unikal və bənzərsiz logistika sistemi yarada bilmişdir. Bu baxımdan paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yeni istifadəyə verilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksini həmin sistemdə həm sonuncu naxış, həm də mükəmməl logistika aləti kimi dəyərləndirmək yerinə düşər. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bütünlükdə ölkənin nəqliyyat infrastrukturunu mükəmməlliyə və kamilliyə doğru cilalayan ən vacib iqtisadi layihədir. Bu limanın müasir dünya standartlarına uyğunlaşdırılması, ölkənin tranzit potensialını artırması, Azərbaycanı bütün dünya üçün maraq kəsb edən logistika mərkəzinə çevirməsi dövlətin iqtisadi siyasətinin tərkib hiissəsidir. Uzunmüddətli logisttika layihələrinin davamlı reallaşdırılması böyük siyasi və iqtisadi dividendlər gətirməklə yanaşı, həm Azərbaycanın regionda və bütün dünyada mövqeyini möhkəmləndirir, həm də onun siyasi və strateji əhəmiyyətini artırır. İnsan orqanizmində ürək hansı rolu oynayırsa, Bakı Beynəlxalq Dəniz Limanı da Azərbaycanın nəqliyyat strukturunda “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərini özündə birləşdirən həmin funksiyanı daşıyır. Bakı Dəniz Limanı ölkə ərazisindən keçən avtomobil və dəmir yollarının kəsişməsində yerləşir və əsas hava limanına yaxındır. Ölkənin logistika sisteminə su yollarının bu minvalla qoşulması həmin ərazinin geniş ixrac imkanlarına malik beynəlxalq nəqliyyat qovşağına çevrilməsini qaçılmaz edir. Azərbaycan dəniz nəqliyyatının inkişafının müasir mərhələsinə keçməklə Avrasiya məkanında qitələri birləşdirən unikal logistika sistemini qurmuşdur. 2014-cü ilin sentyabrında iki körpüdən ibarət bərə terminalı, bu ilin yanvarında isə yenə də iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilmişdir. 117 hektar ərazini əhatə edən və 12 yanalma körpüsünə malik limanın illik yükaşırma imkanı 15 milyon ton yük, o cümlədən 100 min konteynerdir. Suyun səviyyəsinin müəyyən hədlərdə enib-qalxmasından asılı olmayaraq, gəmilərin körpüyə təhlükəsiz yan alması təmin edilib. Limanın akvatoriyasında 7,5 kilometr uzunluğunda dibdərinləşdirmə işləri aparılıb, dönmə dairəsinin diametri 450 metr olan giriş kanalı inşa olunub. Layihə çərçivəsində limanın əməliyyat binası, yük sahələri və anbarlar, sərhəd və gömrük xidməti məntəqələri, bütövlükdə müxtəlif təyinatlı 72 bina və qurğu inşa olunub, qapalı və açıq anbarlar tikilib. Prezident İlham Əliyevin sözləridir: “Şadam ki, bu gün burada ən yüksək standartlar tətbiq olunur, bütün avadanlıq, lazım olan texniki vasitələr, ən müasir kranlar alınıb quraşdırılıb. Beləliklə, biz Azərbaycanda çox güclü nəqliyyat-logistika mərkəzini yaratdıq”. Onu da demək yerinə düşərdi ki, qarşıya qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün işlərin başlama və tamamlama tarixləri göstərilməklə tədbirlər planı hazırlanıb, layihə seqmentlər üzrə ikinövbəli iş rejimi tətbiq olunmaqla icra olunub. Bu da işlərin dinamikasını əvvəlki dövrlərlə müqayisədə 5 dəfə artırmağa imkan verib. Tikintiyə 1500-ə yaxın işçi, 300-dək müxtəlif təyinatlı texnika cəlb edilib. Yeni liman kompleksinin baş planı və ümumi layihəsi beynəlxalq açıq tenderin qalibi, Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb. Kompleksin ərazisində tikinti işləri yerli şirkət – “Evrascon” ASC tərəfindən yerinə yetirilib. Gəmilərin və Liman Vasitələrinin Mühafizəsi üzrə Beynəlxalq Məcəllənin tələblərinə uyğun mühafizə sistemi qurulub, müasir kameralar quraşdırılıb, sərhəd və gömrük nəzarəti zonalarının ayrılması məqsədilə 1 idxal və 2 ixrac sahəsindən ibarət zonalar yaradılıb. “Yaşıl liman” konsepsiyasının tələblərinə uyğun olaraq kompleksin inşası zamanı yüksək ekoloji tələblər nəzərə alınıb, çirkli suların təmizlənməsi üçün qurğular inşa edilib. Beləliklə, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidi, demək olar ki, təmin edilib. Liman kompleksi Azərbaycanın logistika sistemində Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Beləliklə, şimal, cənub, şərq və qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınları yeni liman kompleksində cəmlənəcək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə şərq istiqamətində dayanıqlı logistik zəncir yaradılacaq. Azərbaycan Prezidenti İlham Əliyev limanın açılış mərasimindəki çıxışında qeyd etmişdir ki, liman üçün Ələtin seçilməsi təsadüfi deyil. Belə ki, mövcud Bakı Dəniz Limanı artıq tələbatı ödəmirdi və getdikcə artan yükləri qəbul etmək imkanları məhdudlaşırdı. Ələtdən qərb və cənub istiqamətinə avtomobil və dəmir yolları açılır ki, bu da qəsəbə ilə birlikdə logistika və nəqliyyat infrastrukturunun daha sürətlə inkişaf etməsinə təkan verəcək: “…Biz yaxın gələcəkdə Ələt Azad İqtisadi Zonasının yaradılmasına başlayacağıq. Deməyə tam əsas var ki, Bakı şəhərinin bu ərazisi gələcəkdə çox sürətlə inkişaf edəcək, çoxsaylı iş yerləri yaradılacaq. Beləliklə, Ələt ölkəmizin iqtisadi nəqliyyat potensialının inkişafında, əlbəttə ki, önəmli yer tutacaqdır”. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsi bir daha sübut edir ki, Azərbaycan nəqliyyat infrastrukturu ilə bağlı qarşıda duran bütün vəzifələri uğurla, həm də böyük sürətlə icra edir. İndi Xəzər dənizində 260 gəmidən çox böyük donanmamız var. Son bir neçə il ərzində əlavə 18 gəmi alınmış, gəmiqayırma zavodu tikilmişdir. Artıq Azərbaycan bütün növ gəmiləri istehsal etməklə xarici tərəfdaşlardan asılılığı aradan qaldırmışdır. Son 15 il ərzində ölkəmizdə 15 min kilometr avtomobil yolu salınmış, bütün qonşu dövlətlərlə sərhədərə qədər gedən yollar yenidən qurulmuş, şəhərlərarası, kənd yolları infrastrukturu yaradılmış, 7 aeroport tikilmişdir. Ölkəmiz müasir təyyarə parkına malikdir. Dünyanın 9 beşulduzlu hava limanından biri Heydər Əliyev Beynəlxalq Aeroportudur. Keçən ilin oktyabrında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihə kimi Asiyanı Avropa ilə birləşdirdi. Hazırda “Şimal-Cənub nəqliyyat dəhlizi” yaradılır. Şimaldan Cənuba, Şərqdən Qərbə gedən yollar Azərbaycandan keçir. Avrasiya məkanında açıq dənizlərə çıxışı olmayan Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevrilir. Lakin Prezident İlham Əliyev bu nailiyyətləri də son uğur saymır və perspektivlərə belə toxunur: “Ancaq biz gələcəyə baxmalıyıq və baxırıq. Hazırda “Cənub-Qərb nəqliyyat dəhlizi”nin işə salınması ilə məşğuluq. Bu da çox önəmli nəqliyyat dəhlizidir və mənə verilən məlumata görə, birinci sınaq qatarı artıq bu yolla hərəkət edib. Beləliklə, biz böyük nəqliyyat infrastrukturu yaratmaqla Azərbaycanın geosiyasi, geoiqtisadi önəmini qat-qat artırmış oluruq. Eyni zamanda, bu layihələr beynəlxalq əməkdaşlığı genişləndirir, gücləndirir. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərində iştirak edən ölkələrin sayına, onların gücünə baxsaq, görərik ki, bu, doğrudan da, genişmiqyaslı beynəlxalq əməkdaşlıq formatıdır. “Şərq-Qərb nəqliyyat dəhlizi” Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və ondan sonra Avropa ölkələrini birləşdirir. “Şimal-Cənub nəqliyyat dəhlizi” Pakistan, Hindistan, İran, Azərbaycan, Rusiya, Şimali Avropa ölkələrini birləşdirir. “Cənub-Qərb dəhlizi” isə daha geniş formatda ölkələri birləşdirir. Bütün bu layihələrdə iştirak edən ölkə Azərbaycandır. Biz bu layihələrin həyata keçirilməsi üçün çox böyük səylər qoyduq, çox böyük siyasi addımlar atıldı. Yəni bu layihələrin həyata keçirilməsi üçün məqsədyönlü, düşünülmüş şəkildə işlədik, çalışdıq. Nəhayət, bunun nəticəsini görürük”. Bahadur İmanquliyev “Azərbaycan” qəzeti


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır