



M Beynəlxalq Assosiasiyasının ümumi yığıncağı keçir
Aprelin 16-17-də Ukraynanın paytaxtı Kiyev şəhərində “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının ümumi yığıncağının iclası keçirilib. Toplantıda Beynəlxalq Assosasiyaya üzv olan ölkələrin dəmir yolları, gəmiçilik şirkətləri və limanların rəhbər şəxsləri iştirak ediblər. İclasda 2019-cu ilin I rübündə TBNM ( Middle Corridor) üzrə yüklərin daşınması planının yerinə yetirilməsi müzakirə olunub. Məlumat verilib ki, ilin ilk 3 ayında dəhliz üzrə tranzit daşımaların həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 2,9 dəfə o cümlədən strateji sayılan Çin-Avropa istiqaməti üzrə 2,5 dəfə artıb. Bununla belə qeyd olunan istiqamət üzrə konteyner daşımalarının həcminin də 3 dəfə artdığı bildirilib. Toplantıda digər təşkilati və kommersiya məsələləri də müzakirə olunub. İclasın yekununda protokol imzalanıb. Beynəlxalq Assosiasiyanın ümumi yığıncağının növbəti iclası bu ilin yayında Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçiriləcək. Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın yükdaşımalarda iştirak edən müvafiq qurumlarının iştirakı ilə yaradılıb. Daha sonra Ukrayna, Rumıniya, Polşa və Türkiyənin də aidiyyəti qurumları TBNM-ə qoşulub. Hazırda bu marşrut Çin-Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır. TBNM tərəfindən bütün marşrut boyu vahid keçid tarifi təyin olunub, “bir pəncərə” prinsipi tətbiq edilib və bu layihə çərçivəsində konteyner qatarları müvəffəqiyyətlə marşrut üzərindən daşınır.