Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Qazaxıstan tezliklə Aktau limanında konteyner qovşağının tikintisinə başlayacaq

Qazaxıstan yaxın vaxtlarda Aktau limanında ötürmə qabiliyyətini ildə 300 min TEU-ya çatdıracaq konteyner qovşağının tikintisinə başlamağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki, modernləşdirmə limanın yükaşırma avadanlığına da təsir göstərəcək. Eyni zamanda, Kurık limanında ümumi tutumu təxminən 9,4 milyon ton olan “Sarja” çoxfunksiyalı terminal layihəsinin icrası davam edir.

Belə məlumatları Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov İxracatçılar Forumunda və Çin (Siçuan) - Qazaxıstan 2024 Ticarət-İqtisadi Əməkdaşlıq Konfransında təqdim edib. O, iki ölkə arasında nəqliyyat əməkdaşlığının inkişaf perspektivlərindən danışarkən həmçinin bildirib ki, Çinin Sian “quru limanı”nda Qazaxıstan logistika terminalı tikilib və bu, yüklərin Avropa istiqamətində konteynerlə daşınması üçün konsolidasiyasını təmin edəcək.

Nazir müavini vurğulayıb ki, görülən tədbirlər Çin-Avropa istiqamətində logistik marşrutların inkişafına, Çin və Qazaxıstan arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına töhfə verir. “Gördüyümüz bütün tədbirlər ixracın, idxalın və tranzitin fasiləsiz inkişafının təmin edilməsinə, ümumilikdə ölkələrimiz arasında ticarət dövriyyəsinin yaxşılaşmasına yönəlib”, - deyə Maksat Kaliakparov yekunlaşdırıb.

Daha əvvəl bildirilmişdi ki, Xəzər nəqliyyat-logistika qovşağına daxil olan Aktau dəniz limanında konteyner qovşağının tikintisinin 2025-ci ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır. Obyektin işə salınması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalarını intensivləşdirməyə imkan verəcək.

Aktau dəniz limanı Xəzər dənizinin şərq sahilində, Qazaxıstan, İran, Azərbaycan, Rusiya və Türkiyəni birləşdirən nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Liman quru yüklərin, xam neftin və neft məhsullarının aşırılmasını təmin edir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsi çərçivəsində 2023-cü ildə Qazaxıstanın Aktau və Kurık limanlarının yük dövriyyəsi əvvəlki illə müqayisədə 1,86 dəfə artaraq 2,8 milyon ton təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır