Panama ABŞ-nin sanksiya tətbiq etdiyi üç tankeri reyestrdən çıxarır
Panama Dəniz Administrasiyası ABŞ-nin İrana təzyiqləri artırmaq məqsədilə sanksiya siyahısına daxil etdiyi üç tankerin ölkənin gəmi reyestrindən çıxarılması prosesini sürətləndirib.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
ABŞ Maliyyə Nazirliyi oktyabrın 8-də İranın neft əməliyyatlarına dəstək verən “kölgə” tanker donanmasına aid 17 gəmini sanksiya siyahısına daxil edib. Onlardan üçü Panama bayrağı altında üzürdü.
Panama Dəniz Administrasiyasının məlumatına görə, həmin gəmilərə qarşı məhdudiyyətlər artıq tətbiq olunub və reyestrdən çıxarılma prosesi davam edir. Gəmilərdən biri — “Starway” tankerinin sentyabr ayında bayrağını Barbados bayrağı ilə əvəz etdiyi bildirilir.
ABŞ tərəfi “Starway” tankerinin 2025-ci ildən bəri 3 milyon bareldən çox İran naftası, “Mackrele” tankerinin 2025-ci ilin dekabrından etibarən 500 min bareldən çox yüksək kükürdlü İran mazutu, “Bitu” asfalt tankerinin isə 2026-cı ildə 170 min bareldən çox İran bitumu və asfaltı daşıdığını iddia edir.
Panama Dəniz Administrasiyasının bildirdiyinə görə, 2024-cü ildə qəbul edilmiş fərman reyestrdən çıxarılma prosedurunu sadələşdirib. Fərmanın tətbiqindən sonrakı ilk altı ayda sanksiya tətbiq edilmiş 107 gəmi reyestrdən çıxarılıb.
Gəmilərin sanksiyalardan yayınmaq üçün bayraqlarını tez-tez dəyişməsi dənizçilik sektorunda nəzarəti çətinləşdirən əsas problemlərdən biri olaraq qalır.

