İndoneziyada turist gəmisi batıb, dalğıc təlimatçısı itkin düşüb
İndoneziyanın Komodo Milli Parkı yaxınlığında 30 nəfəri daşıyan “KM Feronia” turist gəmisi oktyabrın 13-də çevrilərək batıb.
“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində 23 yaşlı dalğıc təlimatçısı Veronika Beatriks Cessika itkin düşüb. 29 nəfəri xilas etmək mümkün olub.
Taxta gövdəli gəmi Labuan Bajo limanından Komodo Milli Parkına turist səfərinə çıxıb. Qəza gəmi geri qayıdarkən Tatava Besar yaxınlığında, güclü su burulğanlarının olduğu ərazidə baş verib. İlkin məlumatlara görə, gəmi sola əyilərək çevrilib. İtkin düşən təlimatçının həmin vaxt sanitar qovşaqda olduğu ehtimal edilir.
Hadisə ilə bağlı axtarış-xilasetmə əməliyyatı başladılıb. Gəminin batmasının səbəbləri araşdırılır. Polis gəminin konstruksiyasının dayanıqlığını və kapitanın hərəkətlərini də yoxlayır. Gəminin üzməyə yararlılıq sertifikatının qüvvədə olduğu bildirilir.

