Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

ABŞ həmkarlar ittifaqları Çində inşa edilən gəmilər üçün ayrıca ödənişlərin tətbiqini təklif edir

Amerikanın beş milli həmkarlar ittifaqının nümayəndələri Birləşmiş Ştatların Ticarət Nümayəndəliyinin (USTR) ofisindən Çinin ölkənin gəmiçilik, logistika və gəmiqayırma kimi sektorlardakı üstünlüyü ilə bağlı araşdırma aparmağı xahiş ediblər.

“Seanews.az” xəbər verir ki, müvafiq məlumat ABŞ Ticarət Nümayəndəliyinin rəsmi saytında yerləşdirilib.

Həmkarlar ittifaqları tərəfindən tərtib edilən petisiyada deyilir ki, Çinin siyasət və təcrübəsi ədalətli rəqabətə mane olur. Həmkarlar ittifaqının nümayəndələri 1974-cü il Ticarət Aktının 301-ci bölməsinə istinad edirlər. Sənəd ABŞ ticarətinə təsir edən “ədalətsiz” xarici təcrübələrlə mübarizə aparmaq üçün nəzərdə tutulub.

Müraciətdə Çin gəmiqayırma sənayesinin inkişafı və Çinin dünya bazarındakı payının artmasının ABŞ-ın gəmiqayırma sənayesinin azalmasına səbəb olduğu iddia edilir.

“Çin qiymətləri süni şəkildə aşağı salmaqla, Amerika şirkətlərinin satışını çətinləşdirir və ABŞ-da investisiya, istehsal və məşğulluğu əngəlləyir. Nəticədə daxili və qlobal bazarlarda Amerika istehsalı olan gəmilərin sayı azalır”, - məktubda deyilir.

Çinin üstünlüyü ilə mübarizə üçün təklif olunan tədbirlər arasında Çində inşa edilən və ABŞ limanlarına gələn gəmilər üçün rüsumların tətbiqi də var. Alınan vəsaitlərin ABŞ-ın Gəmi Tikintisinin Dirçəlişi üçün xüsusi yaradılmış Fonda köçürülməsi təklif edilir.

Müraciətə cavab olaraq ABŞ-ın ticarət nümayəndəsi səfir Ketrin Tai ictimai rəyləri toplayacaq və ictimai dinləmələr keçirəcək araşdırmaya başlayıb.

“Linerlytica” araşdırma firması qeyd edir ki, Çin tərsanələrində inşa edilən konteyner gəmiləri dünyanın hazırkı donanmasının tutumunun yalnız 27%-ni təşkil edir, Cənubi Koreyada bu göstərici 50%, Yaponiyada isə 10%-dir. Eyni zamanda, konteyner gəmiləri üçün cari sifarişlərin 55%-i Çin tərsanələrinin payına düşür.

ABŞ-ın gəmiqayırma sənayesinə gəlincə, 2000-ci ildən bu yana ölkənin tərsanələrində yalnız yerli daşıyıcılara xidmət göstərən cəmi 15 konteyner gəmisi tikilib. Hazırda ABŞ tərsanələrinə sifariş edilən yeganə konteyner gəmiləri - üç 3620 TEU gəmisidir. “Philly Shipyard”-da tikiləcək bu gəmilər üçün müqavilə 2022-ci ilin noyabrında ümumi dəyəri 1 milyard ABŞ dolları olmaqla bağlanıb ki, bu da Asiya tərsanələrində inşa edilən müvafiq konteyner gəmilərinin dəyərindən 5 dəfə çoxdur. Bu gəmilər 2026-2027-ci illərdə təhvil veriləcək.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır