Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

ÜMT: Son 30 ildə bütün dünyada çaylar ən yüksək sürətlə quruyur

Keçən il bütün dünyada rekord istilər səbəbindən çay axınlarının səviyyəsi tarixi minimuma düşüb, bu da artan tələbat dövründə su təchizatını təhlükə altında qoyub.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) bazar ertəsi dərc edilmiş hesabatında deyilir.

Otuz üç illik məlumatlara əsaslanan “Dünya su ehtiyatlarının vəziyyəti” adlı hesabata görə, uzun sürən quraqlıqlar Şimali, Mərkəzi və Cənubi Amerikanın əhəmiyyətli hissələrində çay axınını azaldıb, Missisipi və Amazon çayları hövzələrində isə 2023-cü ildə rekord dərəcədə aşağı su səviyyəsi qeydə alınıb.

Ümumilikdə, dünya su hövzələri sahələrinin 50 faizində anormal şərait müşahidə olunub, onların əksəriyyətində su qıtlığı yaranıb, kənd təsərrüfatı və sənaye üçün su əlçatanlığı azalıb.

Ümumdünya Meteorologiya Təşkilatının baş katibi Selesta Saulonun sözlərinə görə, hazırda su iqlim fəlakətlərinin ən açıq göstəricisinə çevrilir və bununla belə, qlobal birlik bu resursları qorumaq üçün tədbirlər görmür. O, iqlim dəyişmələri səbəbindən su dövrlərinin getdikcə qeyri-sabit hala gəldiyi ilə bağlı xəbərdarlıq edib və dəyişmələri izləmək, onlara cavab vermək üçün hidroloji monitorinqi artırmağa çağırıb.

Cari ildə Amazonda quraqlıq təkrarlanıb, nəticədə əvvəllər gəmiçilik üçün mümkün olan ərazilərdə lil bağlamış dayaz yerlər əmələ gəlib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır