

Cənubi Koreya Busanda “meqaport”un tikintisinə təxminən 10 milyard dollar xərcləyəcək
Cənubi Koreya hökuməti 2045-ci ilə qədər Busan limanının modernləşdirilməsi layihəsinə 14 trilyon von (9,75 milyard dollar) sərmayə qoyacaq.
“Seanews.az” bildirir ki, “Yonhap” xəbər agentliyi bu barədə ölkənin Okeanlar və Balıqçılıq Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. Layihənin məqsədi konteynerlərin aşırılması həcmlərini artırmaq və liman bazasında Asiya regionunda aparıcı logistika mərkəzi yaratmaqdır.
Layihəyə əsasən, Pusan yaxınlığındakı Çanvonda yeni liman tikiləcək və sonradan mövcud limanla birləşdiriləcək. Nəticədə, cari göstəricilərindən iki dəfə yüksək yük dövriyyəsi ilə vahid “meqaport” meydana çıxacaq.
Yanalma körpülərinin ümumi uzunluğu indiki 18,8 km-dən 25,5 km-ə çatdırılacaq. Cənubi Koreya, həmçinin gəmiləri təmiz enerji ilə təmin edəcək infrastruktur yaradacaq, karbonsuz bərpa olunan enerji mənbələrindən istifadə edən liman qurğularını tədricən istismara verəcək.