Bolqarıstan sahillərində daha iki gəmiyə dron hücumu: biri batıb
Qara dənizin Bolqarıstan sahilləri yaxınlığında Rusiya dronları olduğu ehtimal edilən hücumlar nəticəsində iki ticarət gəmisi vurulub.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
Bolqarıstanın Baş naziri Rumen Radev bildirib ki, Ukraynanın istismar etdiyi “Chelsea 3” yük gəmisinə yerli vaxtla saat 01:30 radələrində üç dron zərbəsi endirilib. Gəminin 15 nəfərlik heyəti təxliyə edilərək Varna limanına çatdırılıb. Onlardan beşi tibbi yardıma ehtiyac duyub.
Digər gəmi Krapets sahillərindən təxminən 17 dəniz mili məsafədə hücuma məruz qalıb və batıb. Baş nazirin açıqlamasında həmin gəminin heyətindən yalnız bir nəfərin xilas edildiyi qeyd olunub.
Radev hücumlara görə məsuliyyəti tərəflərdən hər hansı birinin üzərinə qoymağa imkan verən qəti sübutların olmadığını bildirib. Bununla belə, o, Rusiyanın Bolqarıstandakı səfirini görüşə çağıracağını açıqlayıb. Eyni zamanda, ölkə rəhbərliyi Qara dənizdə dron əleyhinə müdafiəni və dəniz müşahidəsini gücləndirmək üçün NATO müttəfiqləri – Rumıniya və Türkiyə ilə əməkdaşlığı artırmağa çağırıb.

