Fransa hərbçiləri Hind okeanında sanksiyalı tankeri saxlayıb
Fransa Hərbi Dəniz Qüvvələri Hind okeanının açıq sularında Rusiya ilə əlaqəli “kölgə donanması”na daxil olduğu bildirilən “DF Peak” tankerini saxlayaraq yoxlamaya başlayıb.
“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.
Fransa Prezidenti Emmanuel Makronun sözlərinə görə, gəmi Madaqaskarın şərqində yerləşən Fransanın Reyunyon adasından təxminən 450 dəniz mili cənubda saxlanılıb. Tankerin saxta bayraq altında üzməkdə və qanunsuz yanacaq daşımalarında şübhəli bilindiyi qeyd edilib.
2006-cı ildə inşa edilən tanker 2024-cü ilədək Rusiyanın dövlətə məxsus “Sovkomflot” şirkətinin donanmasında “NS Captain” adı ilə fəaliyyət göstərib. Gəmi 2024-cü ildə “Kaliningrad”, 2025-ci ildə isə “DF Peak” adlandırılıb.
Tanker 2024-cü ildə ABŞ tərəfindən sanksiyalara məruz qalıb, daha sonra Avropa İttifaqı, İsveçrə, Kanada, Böyük Britaniya və Ukrayna da ona qarşı məhdudiyyətlər tətbiq edib.
Fransanın müdafiə naziri Ketrin Votrenin sözlərinə görə, tanker müşayiət altındadır və yoxlama davam edir.

