Beş ildə “CMA CGM Group”-un donanmasına bioqaz, biometanol və sintetik yanacaqdan istifadə edə bilən 153 gəmi daxil olacaq
2024-cü il üçün “CMA CGM” nəqliyyat və logistika qrupunun bütün bölmələri üzrə gəlir illik müqayisədə 18% artaraq 55,48 milyard dollar təşkil edib. Xalis gəlir 2,07% artaraq 5,71 milyard dollara çatıb.
“Seanews.az” xəbər verir ki, hesabat dövründə qrupun donanması 23,6 milyon TEU daşıyıb ki, bu da 2023-cü illə müqayisədə 7,8% çoxdur. Dəniz konteyner daşımaları sahəsində gəlir 16,2% artaraq 36,5 milyard dollar olub.
2024-cü ildə “CMA CGM” konteyner donanmasını texnoloji cəhətdən daha inkişaf etmiş gəmilərlə təkmilləşdirməklə aktivlərinə investisiya qoymağa və enerji keçid strategiyasını gerçəkləşdirməyə davam etdi. İl ərzində LNG ilə işləyən 12 yeni gəmi istismara verilib. 2050-ci ilə qədər sıfır karbon hədəflərinə nail olmaq üçün “CMA CGM” LNG və metanolla təchiz edilmiş yeni konteyner gəmilərinə təxminən 20 milyard dollar sərmayə qoyub. 2029-cu ilə qədər qrupun donanmasına alternativ dəniz yanacağı növlərindən: bioqaz, biometanol və sintetik yanacaqdan istifadə edə bilən 153 gəmi daxil olacaq.
Liman infrastrukturunda aktivlərini genişləndirməyə davam edən “CMA CGM Group” 30 ölkədə 60 liman terminalını özündə birləşdirən şəbəkəyə malikdir. 2024-cü ilin sentyabrında “CMA CGM” Braziliyanın aparıcı liman infrastrukturu operatoru və Cənubi Amerikanın ən böyük konteyner terminalının sahibi olan “Santos Brasil” şirkətinin səhmlərinin təxminən 48%-ni almaq üçün müqavilə imzaladı. Tərəflər əməliyyatın antiinhisar orqanları tərəfindən təsdiqini gözləyirlər.
Son bir il ərzində logistika biznesindən əldə edilən gəlir 20,9% artaraq 18,4 milyard dollara yüksəlib. “Bolloré Logistics”-in alınması isə 1978-ci ildə yaradılan “CMA CGM” şirkətinin tarixində ən böyük alışdır.