Türkiyə gəmiqayırma sənayesi çətinliklər yaşayır
Türkiyənin gəmiqayırma sənayesi artıq bir ildir ki, istehsalda azalma qeydə alır.
“Seanews.az” Türkiyə İxracatçılar Assambleyasının məlumatına istinadən xəbər verir ki, bu ilin birinci rübündə gəmiqayırma ixracı 27,5 faiz azalaraq 328 milyon dollar təşkil edib. Mart ayında isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac 40% azalaraq 86 milyon dollara düşüb. Nəticədə gəmiqayırma birinci rübdə Türkiyənin ən pis aşağı nəticə göstərən sənaye ixracat sahəsi olub.
Yeni sifarişlərdə azalma davam edir və ilin sonuna qədər gəmiqayırma sektorunun ixracının 15%-dən çox azalacağı proqnozlaşdırılır.
Başqa bir problem iş yerləri itkisidir. Hazırda Türkiyədə fəaliyyət göstərən 80 gəmiqayırma zavodunda məşğulluq son 7 ayda 10% azalıb.
Türkiyənin gəmiqayırma sahəsi sonuncu dəfə 2023-cü ildə müsbət nəticə göstərib, o zaman ixrac 33% artaraq 1,94 milyard dollar olub. Daha sonra Türkiyə yedək gəmilərinin istehsalında Çini geridə qoyub və balıqçı gəmilərinin istehsalında liderlik edib.
2023-cü ildə Türkiyənin gəmi istehsalçısı “Tersan Shipyard” Norveçdəki “Havyard Leirvik Shipyard”-ı satın alıb. Bu satınalma onun Şimali Avropada və qlobal gəmiqayırma bazarında mövqeyini gücləndirmək strategiyasının bir hissəsidir. Həmin il Türkiyənin daha bir gəmiqayırma şirkəti - “Hicri Ercili” Niderlandda “Norden Shipyard”-ı alıb.