Potidə tikilən yeni konteyner terminalı Orta Dəhlizin imkanlarını genişləndirəcək
“Orta Dəhliz”in inkişafında mühüm rol oynayan Gürcüstanın “APM Terminals Poti” şirkəti konteyner körpüsünün yükaşırma qabiliyyətini 50 000 TEU artırıb.
“Seanews.az” xəbər verir ki, bu, 5,4 hektar torpaq sahəsinin alınması, eləcə də konteyner sahəsinin modernləşdirilməsi və genişləndirilməsi nəticəsində mümkün olub.
2024-cü ildə Gürcüstanın qərbində ən böyük dəniz limanı olan Potinin konteyner dövriyyəsi 545 297 TEU təşkil edib. Həmin dövrdə terminal 313 konteyner gəmisi qəbul edib və 74 173 nəqliyyat vasitəsinə xidmət göstərib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarının genişləndirilməsi məqsədilə Potidə inşa olunan yeni konteyner terminalının 2027-ci ildə istismara hazır olacağı gözlənilir. Terminal iki “STS Post-Panamax” kranı ilə təchiz olunacaq ki, bu da illik 400 min TEU-dək yük aşırmalarını təmin edəcək. Yeni yanalma körpüsü uzunluğu 300 metr, suya oturumu 13,5 metr olan gəmiləri qəbul edə biləcək.