Hörmüz boğazında BƏƏ-yə məxsus yedək gəmisi vurulub
Hörmüz boğazında BƏƏ-yə məxsus “Selat Storm” yedək gəmisi naməlum mərmi ilə vurulub.
“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, hadisə Oman sahillərində, Musandam yarımadasının şimal-qərbində baş verib.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, hücum bazar günü, saat 15:00-dan bir qədər sonra (UTC) qeydə alınıb. Yaxınlıqdan keçən gəminin kapitanı “Selat Storm”un radio vasitəsilə göndərdiyi qəza siqnalını qəbul edərək aidiyyəti qurumlara ötürüb.
“Vanguard Tech” təhlükəsizlik şirkətinin məlumatına əsasən, təxminən 1300 ton dedveytə malik gəmi qismən batmaqda olub. Heyət üzvlərinin vəziyyəti barədə məlumat verilməyib.
Bu, oktyabrın 18-dən bəri Hörmüz boğazında yedək gəmilərinə qarşı ehtimal olunan ikinci hücumdur. Həmin gün Niderland bayrağı altında üzən “JIF Barracuda” yedək gəmisi də naməlum mərmi ilə vurulmuşdu.
Bundan əlavə, bazar ertəsinə keçən gecə Səudiyyə Ərəbistanının Ras əl-Xəfci limanından təxminən 70 dəniz mili şərqdə başqa bir tanker də iki mərmi ilə vurulub. UKMTO-nun məlumatına görə, gəminin bütün heyət üzvləri təhlükəsiz vəziyyətdədir.
Qeyd edək ki, ötən həftənin cümə axşamından etibarən ehtimal olunan İran hücumları nəticəsində ən azı beş enerji daşıyan gəmi zərər görüb və ya hücuma məruz qalıb.

