Konteyner gəmilərinə dair sifarişlər tarixi rekorda çatıb
"COSCO" və "Hapag-Lloyd"un ötən həftə verdiyi yeni sifarişlər 2025-ci ildə sifariş edilən konteyner gəmilərinin sayını rekord həddə – 633 gəmi və 5,08 milyon TEU-ya çatdırıb.
"Seanews.az" xəbər verir ki, bununla da, 2021-ci ildə qeydə alınmış 4,74 milyon TEU və 2024-cü ildə qeydə alınmış 4,77 milyon TEU rekordu yenilənib.
Hazırkı 5,08 milyon TEU-luq rekord göstəriciyə əlavə olaraq, "Splash" xəbər verir ki, "MPC Container Ships" şirkəti "Taizhou Sanfu Ship Engineering" zavodunda 6 ədəd 3 700 TEU-luq konteyner gəmisi sifariş edib.
Məlumatlara əsasən, 2025-ci ildə sifariş edilən konteyner gəmilərinin 72 faizi Çin gəmiqayırma zavodlarında inşa olunacaq. Mütəxəssislər bildirir ki, Çin tərsanələrində sifarişlərə maraq hələ də yüksəkdir və əsas problem yalnız tikinti yerlərinin məhdud olmasıdır.
BIMCO-nun daşımalar üzrə analitiki Filipe Gouveia isə bazarda yaranan vəziyyətlə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, hazırda konteyner donanması üzrə sifarişlərin həcmi mövcud donanmanın 33 faizi səviyyəsindədir ki, bu da gələcək üçün risk yaradır.
Mütəxəssis hesab edirlər ki, əgər gəmilər yenidən Qırmızı dəniz və Süveyş kanalı marşrutları üzrə normal hərəkətə qayıdarsa, konteyner daşımalarına olan tələbat azalacaq. Bu isə növbəti beş il ərzində bazarda gəmi təklifinin tələbi üstələməsinə səbəb ola bilər.

