"Cape Shipping" "VLCC" seqmentinə daxil olur
Yunanıstanın "Cape Shipping" şirkəti "VLCC" (Very Large Crude Carrier – çox iri xam neft tankeri) seqmentinə daxil olmağı nəzərdən keçirir.
"Seanews.az" xəbər verir ki, bu addım son illərdə şirkətin quru yük və konteyner daşımalarına fokuslandıqdan sonra tanker donanmasını sürətlə genişləndirməsinin davamı kimi qiymətləndirilir.
Bazar mənbələrinin bildirdiyinə görə, Afinada yerləşən gəmi sahibi Çinin "CSSC Qingdao Beihai" zavoduna 319 min dedveyt tonlu xam neft tankeri sifarişi verib. Gəminin təhvilinin 2028-ci ilin IV rübünə planlaşdırıldığı, qiymətinin isə təxminən 119 milyon dollar olduğu qeyd olunur.
Yunan gəmi brokerləri "Cape Shipping"-i həmçinin Yaponiyanın "Japan Marine United" şirkətinə məxsus "Tsu Shipyard" zavodunda inşa ediləcək ikinci bir "VLCC" sifarişi ilə də əlaqələndirirlər. Məlumata görə, bu gəmi 300 min DWT tutumlu olacaq, qiyməti təxminən 127 milyon dollar, təhvil müddəti isə yenə 2028-ci ilin IV rübü kimi nəzərdə tutulur.
Bu sövdələşmələr təsdiqlənərsə, "Cape Shipping" üçün "VLCC" seqmentinə ilk giriş olacaq.
"Cape Shipping" bu yaxınlarda tanker bazarına qayıdışını rəsmən təsdiqləyərək 10 gəmilik tanker donanması planını açıqlayıb. Bu donanmaya artıq təhvil verilmiş və ya 2027-ci ilədək təhvil veriləcək 2 ədəd "MR" tanker, 4 ədəd "Aframax", 2 ədəd "Suezmax" 2 ədəd "LR1" məhsul tankeri daxildir.
Tanker genişlənməsi ilə paralel olaraq, brokerlər "Cape Shipping"-i Çinin "New Dayang Shipbuilding" zavodunda 3 100 TEU tutumlu iki konteyner gəmisi sifarişi ilə də əlaqələndirirlər. Bu gəmilərin 2028-ci ilin II rübündən etibarən təhvil verilməsi gözlənilir.
1987-ci ildə təsis edilən "Cape Shipping" fəaliyyətinə əvvəlcə quru yük daşımaları ilə başlayıb, daha sonra konteyner daşımalarına keçib. Hazırda tanker donanmasının genişləndirilməsi ilə yanaşı, şirkət 7 quru yük gəmisi və 7 konteyner gəmisinə nəzarət edir.

