İstanbulda dəniz platformaları üzrə son layihələri əhatə edən mərasim keçiriləcək
İstanbul Gəmiqayırma Zavodu Komandanlığında 20 dekabrda Türkiyə müdafiə sənayesinin dəniz platformaları üzrə son layihələrini əhatə edən mərasim keçiriləcək.
Ordu.az xəbər verir ki, proqramın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə icra olunması planlaşdırılır.
Mərasim çərçivəsində Pakistan MİLGEM layihəsi əsasında inşa edilən ikinci gəmi “Xeybər” Pakistan Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək. Eyni proqramda Dəniz Patrul Gəmisi Layihəsi çərçivəsində inşa edilən “Akhisar” gəmisinin Rumıniyaya təhvili də həyata keçiriləcək.
Proqramda həmçinin “Koçhisar” gəmisində bayraqqaldırma mərasimi baş tutacaq. Bununla yanaşı, Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarına daxil edilən bəzi platformaların rəsmi olaraq xidmətə qəbulu da elan ediləcək.
Bu çərçivədə “Hızırreis” sualtı qayığı, Ç-159 desant gəmisi və "ULAQ" insansız dəniz platforması üçün xidmətə qəbul elanları veriləcək.
Mərasimdə Dəniz Patrul Gəmisi Layihəsi çərçivəsində inşa edilməsi planlaşdırılan yeddinci gəminin təməlqoyma mərhələsi də həyata keçiriləcək.
Səlahiyyətli şəxslər bildirirlər ki, eyni gün ərzində həm təhvilvermə, həm xidmətə qəbul, həm də yeni inşanın başlanmasının birlikdə icra olunması Türkiyə müdafiə sənayesinin dəniz platformaları sahəsində istehsal gücünü və layihə tempini aydın şəkildə nümayiş etdirir.

