"COSCO" 1,1 milyard dollarlıq yeni gəmiqayırma zavodu tikəcək
Çinin "COSCO Shipping Heavy Industry" şirkəti Tianjin şəhərində dəyəri 8 milyard yuan (təxminən 1,1 milyard ABŞ dolları) olan yeni gəmiqayırma kompleksinin tikintisinə başlayır.
"Seanews.az" xəbər verir ki, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinə əsasən, yeni zavod Tianjinin Lingang İqtisadi Zonasında 145,9 hektar ərazini əhatə edəcək və təxminən 1 736 metr sahil xəttindən istifadə edəcək.
Kompleksin əsas hissəsini uzunluğu 550 metr olan iki iri quru dok təşkil edəcək. Doklardan biri 80 metr, digəri isə 72 metr enində olacaq və hər ikisi 300 min dedveytədək (DWT) yükdaşıma qabiliyyətinə malik gəmilərin qəbuluna uyğun layihələndiriləcək.
Layihə çərçivəsində, həmçinin 300 min DWT-lik üç təchizat körpüsü inşa ediləcək. Onlardan ikisi ilkin mərhələdə tikiləcək, üçüncü körpünün isə sonrakı mərhələdə istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, kompleksdə material terminalı, eləcə də ümumi sahəsi 448 min kvadratmetr olan istehsalat və emalatxana binaları yaradılacaq.
Yeni zavodun əsas istehsal istiqamətini iri həcmli quru yük gəmiləri və konteynerdaşıyan gəmilər təşkil edəcək. İlk yeni gəmilərin 2029-cu ildə sifarişçilərə təhvil verilməsi planlaşdırılır. Bununla yanaşı, müəssisədə yüksək əlavə dəyərə malik və texniki cəhətdən daha mürəkkəb gəmi növlərinin də inşası nəzərdə tutulur.

