Türkiyənin “Yavuz” gəmisi Aralıq dənizində qazma işləri aparacaq
Türkiyənin “Yavuz” adlı qazma gəmisi ölkənin dənizdibi əraziləri daxilində qazma işlərinə cəlb olunacaq.
Bu barədə Xarici İşlər Nazirliyi İkili Siyasi İşlər və Dənizçilik-Aviasiya-Sərhəd üzrə müdiri Çağatay Erciyes şəxsi “Twitter” səhifəsində yazıb. O bildirib ki, gəmi qazma işlərinə bugündən start verəcək. Qazma Türkiyənin BMT-də qeydiyyatda olan qitə dəhlizi və Türkiyə hökumətinin “Türk Petrolları” şirkətinə 2012-ci ildə verdiyi “Rəsmi Gazete”də də dərc olunan lisensiya sahələrində həyata keçiriləcək.
Kıbrıs Rum rəhbərliyinin 2003-cü ildən Türkiyənin və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin (ŞKTC) haqlarını pozduğunu vurğulayan Erciyes Türkiyənin Cənubi Kıbrısın qitə dəhlizi və xüsusi iqtisadi bölgələr mövzusundakı dəniz sərhədi iddialarını tanımadığını ifadə edib.
Enerji və təbii sərvətlər naziri Fateh Dönməz də “Yavuz” adlı qazma gəmisinin Aralıq dənizində axtarış fəaliyyətlərini davam etdirmək üçün Güzəlyurt-1 quyusu istiqamətində irəlilədiyini bildirib.
Gəmi Aralıq dənizində 2020-ci ilin yanvarınadək fəaliyyətlərini davam etdirəcək.