Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Aktau limanında gəmilərin hərəkətinə nəzarət sistemi istismara veriləcək

Aktau limanında gəmilərin hərəkətinə nəzarət sisteminin istismara verilməsi 2025-ci ilə planlaşdırılır.

“Seanews.az” xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Nazirliyin rəhbəri Marat Karabayev Manqistau vilayətinə işgüzar səfəri çərçivəsində Xəzər dənizində iri nəqliyyat infrastrukturu obyektlərinin fəaliyyəti ilə tanış olub. Belə ki, nazir Aktau, Kurık və Bautino dəniz limanlarına baş çəkib. O, həmçinin Sarja, Ersay və Şimal dəniz terminallarının işini yoxlayıb.

Dəniz infrastrukturunun inkişafı çərçivəsində əlavə konteyner terminalı qurğularının yaradılması, yükaşırma avadanlığının yenilənməsi, logistikanın inkişafı, gömrük və inzibati prosedurların sadələşdirilməsi, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Şimal-Cənub dəhlizlərinin rəqəmsallaşdırılması istiqamətində işlər davam etdirilir. Ümumilikdə, bu işlərin nəticələrinə əsasən, 2030-cu ilə qədər Qazaxıstan limanlarının buraxılış qabiliyyətinin indiki 21 milyon tondan 30 milyon tona çatdırılması planlaşdırılır.

“Bu işlər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir və bu marşrut üzrə yüklərin daşınmasına artan tələbatların ödənilməsinə imkan yaradacaq”, - məlumatda deyilir.

Belə ki, Kurık limanının sularında dərinləşdirmə işləri aparılır. İşin nəticələrinə əsasən, dərinlik 1,5-2 m artmalıdır. İşə Avropanın “Jan de Nul” şirkətinin ixtisaslaşdırılmış dibdərinləşdirmə texnikası cəlb edilib. Analoji işlər Aktau limanında da aparılacaq.

Nazir işgüzar səfər çərçivəsində Bautino dəniz limanının akvatoriyasında gəmilərin hərəkətinə nəzarət sisteminin işi ilə də tanış olub. Bu ilin avqustunda Kurık dəniz limanının akvatoriyasında analoji qurğu istifadəyə verilib. 2025-ci ildə Aktau limanında gəmilərin hərəkətinə nəzarət sisteminin istifadəyə verilməsi planlaşdırılır. Tədbirlərin həyata keçirilməsi SOLAS-74 beynəlxalq konvensiyasının tələblərinə uyğun olaraq Xəzər dənizinin Qazaxıstan sektorunda naviqasiya təhlükəsizliyini təmin edəcək.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun vasitəsilə yükdaşımaların həcmi 7 ay ərzində 62% artaraq 2,5 milyon ton (2023-cü ilin eyni dövründə - 1,6 milyon ton) təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır