Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

ASCO-da “Gəncliyimiz gələcəyimizdir” adlı “Breyn Rinq” intellektual oyunu keçirilib - VİDEO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 2 fevral Gənclər Günündə “Gəncliyimiz gələcəyimizdir” adlı “Breyn Rinq” intellektual oyunu keçirilib.

İntellektual oyunun əsas məqsədi Ulu öndər Heydər Əliyev irsini təbliğ etmək, onları Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 165 illik zəngin tarixi haqqında daha geniş məlumatlandırmaq, əməkdaşların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının yüksəldilməsinə şərait yaratmaq, onlara komanda şəklində işləmək bacarıqlarını aşılamaq və sağlam rəqabət hissini formalaşdırmaqdan ibarətdir.

Yarışda hər birində 5 nəfər olmaqla 8 komanda öz biliyini sınayıb. Gərgin keçən oyunun qalibi ASCO-nun ayrı-ayrı strukturlardan təşkil edilmiş “Mayak” adlı yığma komanda olub. İkinci yerdə Xəzər Dəniz Neft Donanmasının “Suraxanı” komandası qərarlaşıb. Yarışın üçüncüsü adını isə Azərbaycan Dənizçilik Kollecinin “Yelkən” komandası əldə edib.

Qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Bundan başqa, yarış ərzində ən çox suala cavab verən, eləcə də daha çox fəallıq nümayiş etdirən iştirakçı - Xəzər Dəniz Nəqliyyat Layihə Axtarış Elmi Tədqiqat İnstitutunun əməkdaşı Şahin Əsədli xüsusi hədiyyə ilə mükafatlandırılıb.

Mükafatlandırma mərasimindən sonra ASCO-nun sədri Rauf Vəliyev iştirakçılarla görüşüb. Sədr yarışın qaliblərini, o cümlədən Gənclər Günü mübasibətilə ASCO-da çalışan bütün gəncləri təbrik edib.

Rauf Vəliyev vurğulayıb ki, Gənclər Günü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz, Ulu öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd edilir. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsi olaraq gənclərimiz dövlətçiliyə bağlı, milli düşüncəyə malik intellektual, yüksək dünyagörüşlü şəxsiyyət kimi formalaşmaqdadır. Məhz Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə yetişən bu gənc nəsil torpaqlarımızı işğaldan azad etdi. Təbii ki, Böyük Qələbəmizdə bütün nəsillərin payı olsa da, yanvarın 15-də Şuşada – Cıdır düzündə çıxışı zamanı Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, əsas vəzifəni gənc nəsil yerinə yetirdi.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də gənclərlə bağlı davamlı müxtəlif layihələr həyata keçirilir. Bu layihələr ilk növbədə gənc nəslin istedad və bacarıqlarının üzə çıxarılmasına, onların fəallığının artırılmasına xidmət edir.

Sədr qeyd edib ki, ASCO-nun çoxminli kollektivinin də böyük bir hissəsini yüksək vətəndaşlıq hislərinə malik gənclər təşkil edir. “Qürurla deyə bilərik ki, gənclərimiz yaşlı nəsillə çiyin-çiyinə şərəflə çalışıraq ASCO-nun fəaliyyətində mühüm rol oynayırlar. Onlar qarşıya qoyulmuş vəzifələri məsuliyyətlə yerinə yetirir, Azərbaycanın davamlı inkişafı, həyatımızın daha da müasirləşməsi üçün bilik və bacarıqlarını əsirgəmirlər”.

Rauf Vəliyev ASCO-nun gənclər siyasətindən, gənclərə yönəlik gələcək işlərdən və layihələrdən də danışıb. O bildirib ki, bu il həm “Heydər Əliyev İli”, həm də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 165 illiyi çərçivəsində bir çox tədbirlər həyata keçiriləcək və bu tədbirlərin uğurla icra edilməsində gənclərin iştirakına xüsusi ehtiyac var.

Sədr sonda gənclərin suallarını cavablandırıb, onlara tövsiyələrini verib.

Gənc əməkdaşlar öz növbələrində yaradılan şəraitə görə ASCO rəhbərinə təşəkkürünü bildirib, üzərlərinə düşən vəzifəni bundan sonra da məsuliyyətlə yerinə yetirəcəklərinə söz veriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır