Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Futbolun sehrindən çıxa bilməyən yubilyar

Əksər oğlanlar uşaq vaxtlarında futbol oynamağı xoşlayır. Onun futbola sevgisi isə ötəri olmayıb. Sehrindən çıxa bilmədiyi futbol, belə demək mümkünsə taleyinə çevrilib. Ömrünün altmışıncı ilində də boş vaxtlarının çoxunu böyük həvəslə futbol meydançalarında keçirir.

Söhbət ASCO-nun Sosial inkişaf və nəqliyyat  departamentinin idman üzrə mütəxəssisi İxtiyar Asyabidən gedir.

İxtiyar Asyabi 1963-cü il fevralın 14-də Goranboy rayonunda dünyaya göz açıb. Uşaqlıqda yuxuda da top qovub. Futbola sonsuz həvəsi gözdən yayınmayıb. 17 yaşından Azərbaycan çempionatının iştirakçısı olan “Vışka” futbol komandasında oynamağa başlayıb. Üç il sonra – 1983-cü ildə respublika çempionatının liderlərindən olan “Termist” komandasına dəvət alıb.

1985-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. Ali  məktəbi bitirdiyi 1989-cu ildən Xəzər Dəniz Neft Donanması İdarəsində baş idman təlimatçısı vəzifəsində çalışıb. Gəlişi ilə donanmanın idman həyatında canlanma yaranıb. Təşəbbüsü ilə keçirilən müxtəlif tədbirlər xüsusilə gənclərin idmana marağını xeyli artırıb. Dənizçilər ARDNŞ-nin idman yarışlarında, 32-35 komanda arasında keçirilən spartakiadalarında  yüksək yerlər uğrunda mübarizə aparıblar.

1994-cü ildə yaratmağa nail olduğu “Dənizçi” futbol komandası uzun müddət Azərbaycanın aşağı liqasında iştirak edib.

ARDNŞ-nin yığma komandası ilə 2 dəfə Bolqarıstan Respublikasının Varna şəhərində Balkan ölkələrinin idman festivalında iştirakını da sevinclə xatırlayır.  2008-ci ildə isə şirkətin nümayəndəsi kimi sorağı Çin Xalq Respublikasının paytaxtı Pekindən gəlib.

2017-ci ildən “AXDG” QSC-nin Sosial inkişaf və nəqliyyat departamentində idman üzrə mütəxəssis kimi çalışan İxtiyar Əsyabi dənizçiləri təmsil edən  “Səbail” futbol klubunda müşahidə şurasının üzvüdür.

Yubilyarı təbrik edir, idmanın ona bəxş etdiyi sağlam ruhla daha gözəl illər arzulayırıq.

Rasif Tahirov - "Dəniz" qəzetinin baş redaktoru


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır