Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“TCG Anadolu” gəmisini beş gündə 61 mindən çox insan ziyarət edib

Türkiyənin dinamik inkişaf edən müasir hərbi sənayesinin ən mühüm nümunələrindən olan “TCG Anadolu” gəmisini beş gündə 61 min 231 nəfər ziyarət edib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, vətəndaşlar Türkiyənin ən böyük hərbi gəmisini görmək üçün Sarayburnu limanına axın edirlər. “TCG Anadolu” gəmisi təkcə ilk gündə 8720 nəfər tərəfindən ziyarət olunub.

Türkiyənin texnoloji inkişafının ən bariz nümunələrindən olan “TCG Anadolu” gəmisinin istehsalı zamanı 70 faiz yerli materiallardan istifadə edilib. Tikintisinə 2016-cı ilin aprelində başlanılan hərbi gəmi 2019-cu ilin iyununda uğurla suya buraxılıb. Gəmi 2022-ci ildən başlayaraq sınaqlardan keçirilib. Gəminin yanacaq ehtiyatı və sərfiyyatı elə nizamlanıb ki, o, Türkiyədən Yaponiyaya və ya Avstraliyaya qədər fasiləsiz hərəkət edə bilir.

Uzunluğu 231, eni 32 metr olan gəmidə 1200 nəfərlik heyət xidmət edir. Gəmi 94 hərbi texnika, o cümlədən 13 tank, suda istifadə olunan 27 və quruda istifadə edilən 6 zirehli hərbi maşın daşıya bilir. Gəmi 10 helikopter və 11 PUA daşımağa qadirdir. Qəza vəziyyətləri üçün gəmidə 4 kater saxlanılır. Hərbi gəmidə 30 çarpayılıq iki xəstəxana var.

“TCG Anadolu” gəmisi aprelin 23-dək ziyarətçilər üçün açıq olacaq. Həmin gün saat 12.00-da (Bakı vaxtı ilə saat 13.00) İstanbul boğazından keçəcək gəmi 21 top atəşi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və şəhər sakinlərini salamlayacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır