Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Baku Sailing Regatta 2023” keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Gənclər və İdman Nazirliyinin dəstəyi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO), Azərbaycan Yelkə Federasiyasının (SFA) və “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun birgə təşkilatçılığı ilə "Baku Sailing Regatta-2023” keçirilib.

“Xəzər bizi səsləyir” devizi ilə Bakı buxtasında (Yaxt klub ərazisində) təşkil olunan Regatta çərçivəsində yarışlara 26 mayda start verilib və üç gün, yəni 28 mayadək davam edib.

Ümumilikdə 39 yelkənçinin iştirak etdiyi mübarizədə idmançılar altı sinif (“Optimist”, “Optimist Qızlar”, “Optimist Junior”, “ILCA 4”, “ILCA 6”, “ILCA 7”) üzrə yarışıblar. Onlar arasında Gürcüstandan olan yelkənçilər də olub.  Yarışlar yerli və Türkiyənin peşəkar hakimlərinin iştirakı ilə baş tutub.

Yelkənçilərin final günündəki mübarizəsini Gənclər və İdman naziri Fərid Qayıbov, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədr müavinləri Nəzrəddin Əhmədzadə və Zaur Nağıyev, Azərbaycan DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi Rövşən Eyyubov, Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Mr Ser Miang NG də izləyiblər.

Yarışı daha yaxından izləmək məqsədilə şəhər sakinləri və turistlər üçün də “Yaxt Klub”da əlverişli şərait yaradılıb. Həmçinin, Dənizkənarı Milli Parkda həm böyüklər, həm də uşaqların böyük marağına səbəb olan müxtəlif əyləncəli proqramlar təşkil edilib.

Regattaya “Windsurfing Baku” idman klubunun idmançıları da xüsusi rəng qatıblar.

Qalib yelkənçilərin təntənəli mükafatlandırılması mərasimində çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, ASCO sədrinin müavini Zaur Nağıyev, Azərbaycan Yelkən Federasiyasının vitse-prezidenti Burcu Algon Giorgianni idmançıları təbrik edib, onlara uğurlar arzulayıblar.

Çıxışçılar Ümummilli lider Heydər Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi dəstək və qayğıdan danışaraq qeyd ediblər ki, Ulu öndərin təməlini qoyduğu idman siyasətini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Bu sahədə qazanılan nailiyyətlər sayəsində ölkəmiz beynəlxalq səviyyədə nüfuzlu dövlətlərdən biri kimi qəbul olunur. Sevindirici və qürurverici haldır ki, beynəlxalq yarışlarda uğur qazanan, Azərbaycanı layiqincə təmsil edən idmançılar sırasında yelkənçilər də var.

Çıxışlardan sonra yarışın nəticələri elan olunub, qaliblərə sertifikat və kuboklar təqdim edilib.

Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Baku Sailing Regatta” üçüncü dəfədir ki, təşkil olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır