Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Yunan adaları turizm mövsümünün qızğın vaxtında su böhranı yaşayır

Yunanıstanın əksər rayonlarında son aylarda yağıntının miqdarı rekord səviyyədə az olub. Rekord sayda turist qəbul etməyə hazırlaşan bu ölkənin adaları görünməmiş su böhranı ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, Yunanıstanın Naksos adasındakı ən böyük su anbarı quruyub. Onun aşağı axınında dəniz suyu boş suvarma quyularına sızaraq adada qiymətli kartof məhsuluna ziyan vurub. Cənuba tərəf, Karpatos adasında səlahiyyətlilər hovuzların su ilə doldurulmasına məhdudiyyətlər qoyublar, şimaldakı Tasos adasında isə məmurlar dəniz suyunu içməli hala gətirmək üçün duzsuzlaşdırma qurğusu axtarırlar.

Naksos adasının meri Dimitris Lianosun sözlərinə görə, bütün Aralıq dənizi regionunda kəskin yağıntı çatışmazlığı müşahidə olunur, Naksosda isə su anbarları boşdur.

Yunanıstanın qədim yerlərindən, çimərliklərindən və firuzəyi sularından həzz almaq üçün ölkəyə hər il milyonlarla turist gəlir. Lakin iqlim dəyişmələrinin nəticələri, o cümlədən temperaturun yüksəlməsi, qeyri-sabit yağıntılar və meşə yanğınları ölkənin ən böyük iqtisadi mühərrikinin gələcəyini təhlükə altına salır.

Bu il vəziyyətin xüsusilə ağır olacağı görünür. Tarixdəki ən isti qışdan sonra meşə yanğınları hətta adətən qar olan ərazilərdə belə erkən başlayıb. Keçən ay ən azı altı turist, o cümlədən məşhur britaniyalı teleaparıcı Maykl Mosli həddindən ifrat istilər səbəbindən həlak olub.

Ekoloqlar vəziyyətin daha da pisləşməsindən ehtiyat edirlər.

İtaliya və İspaniyada da su ilə bağlı problemlər müşahidə edilir. “The Sun” yazır ki, Siciliyanın Aqricento şəhərində suyun həcmi o qədər azdır ki, artıq kiçik otellər və qonaq evlərində qonaqların rahat qalmasına zəmanət vermək üçün kifayət qədər su yoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır