Turizm bələdçiləri üçün “Suraxanı” gəmi-muzeyinə eksursiya təşkil edilib
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) bələdçi tələbələri üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinə məlumat turu təşkil olunub.
Tələbələr gəmi-muzeyin zallarını gəzib, burada milli gəmiçilik tariximizi əks etdirən sənəd və digər unikal eksponatlarla yaxından tanış olublar.
Muzeyin əməkdaşları tələbələrin suallarını cavablandırıb, onlara gəmi-muzeyin yaranma tarixi, burada həyata keçirilən layihələr və gələcək planlar barədə ətraflı məlumat veriblər.
Tələbələr “COP29” tədbirlərinə hazırlıq ərəfəsində onlara bələdçilik üzrə biliklərini təkmilləşdirməkdə köməklik göstərən dünyanın ilk tanker-muzeyindən xoş təəsüratlarla ayrılıblar.
Qeyd edək ki, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının tələbə-bələdçilər layihəsinin məqsədi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirləri çərçivəsində ölkəmizə gələcək qonaqları çoxəsrlik tariximiz, milli-mənəvi dəyərlərimiz və mədəni irsimizlə tanış etmək üçün potensiallı tələbələrdən peşəkar bələdçilər hazırlamaqdır.