Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Ekspert: Yaxın 10 ildə Xəzərdə suyun səviyyəsi azı 1 metr azala bilər

Yaxın 10 ildə Xəzər dənizinin səviyyəsi daha 1 metr aşağı düşə bilər.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu fikri Rusiya Federasiyası Dövlət Elmi Mərkəzinin, Ümumrusiya Elmi-Tədqiqat Balıqçılıq və Okeanoqrafiya İnstitutunun Volqa-Xəzər bölməsinin rəis müavini Sergey Şipulin deyib. O əlavə edib: “Biz Xəzər dənizinin səviyyəsi ilə bağlı proqnozlar barədə çox diqqətlə danışmalıyıq. Əgər dənizin su balansının dinamikası dəyişməsə, o zaman yaxın onillikdə Xəzərdə suyun səviyyəsində ən azı 1 metr azalma müşahidə edəcəyik”.

Rusiyalı ekspertin sözlərinə görə, Xəzər dənizinin səviyyəsi müxtəlif dövrlərdə dəfələrlə qalxıb və aşağı düşüb. Son 200 ildə səviyyənin dəyişmə diapazonu təxminən 4 metr, son 500 ildə isə təxminən 7 metr olub. Eyni zamanda, dəniz səviyyəsi 1977-ci ilə qədər azalıb, 1990-cı illərin ortalarına qədər isə onun səviyyəsi yenidən qalxıb. Sonrakı illərdə və bu günə qədər Xəzər dənizinin səviyyəsində təkrarən azalma müşahidə olunur.

S.Şipulin diqqəti dənizin dayazlaşmasının su anbarının balansının və çayların axınının dəyişməsi, o cümlədən dənizdə və onun akvatoriyasında yağıntıların miqdarında və buxarlanma həcmində oynamalar, habelə hövzələrə axan çayların sululuğu ilə əlaqədar olduğuna diqqət çəkib. Eyni zamanda, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və onun sahəsinin quru ərazilərlə yerdəyişməsi dənizin ekosistemində və insanların təsərrüfat fəaliyyətində güclü dəyişikliklərə səbəb olur. Xüsusən, Xəzər dənizinin şimal hissəsində, Volqa çayının deltasının qarşısındakı kommersiya balıqlarının qidalanma sahəsi daralır.

Ekspert yekunda qeyd edib: “Bizim dəniz səviyyəsindəki dəyişikliklərə təsir etmək imkanımız çox azdır. Daha doğrusu, bir tərəfdən tədqiqatlar aparmaq, modellər qurmaq və dəniz səviyyəsinin dəyişməsi ilə bağlı daha etibarlı uzunmüddətli proqnozlar əldə etmək barədə düşünməliyik. Digər tərəfdən, Xəzər dənizinin səviyyəsinin dəyişməsi nəticəsində yaranan təhlükə və risklərin qarşısının alınması üçün zəruri tədbirlər hazırlamaq lazımdır”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır