Rotterdam, Antverpen-Brügge və Hamburq limanları lider mövqelərini qoruyub saxlayıblar
Rotterdam, Antverpen-Brügge və Hamburq limanları 2023-cü ildə Aİ-nin ən böyük limanları arasında həm ümumi tonaj, həm də konteyner aşırma baxımından lider mövqelərini qoruyub saxlayıblar.
“Seanews.az” xəbər verir ki, “Eurostat”-ın 2024-cü ilin noyabrında yenilənmiş məlumatlarında belə deyilir.
Keçən il 20 ən böyük ticarət limanında Aİ limanlarında aşırılan ümumi yükün yarısı (49,9%) qədər yük işlənib. Təkcə Niderlandın Rotterdam limanında bu rəqəm 11,9% təşkil edib. Eyni zamanda, ötən il 20 limandan 14-ü aşırılan yüklərin tonajını azaldıb. Ən kəskin azalmalar Amsterdamda (-15,4%), Triest və Zelandiyada (Niderland əyaləti, -12,6%), Höteborqda (-12,5%), Dunkerkdə (-12,4%) və Barselonada (- 10,4%) qeydə alınıb.
Qdansk limanında yükaşırmalarda ən böyük artım qeydə alınıb: 26,3%. Ondan sonra Konstansa (+17%), Pirey (+5,6%) və Genuya (+5,4%) limanları gəlir.
20 limandan 17-də yük dövriyyəsində idxal yüklərinin aşırılması üstünlük təşkil edib. Konstansa (60,3%), Bremerhaven (54,3%) və Valensiya (50,8%) limanlarında daha çox ixrac yükü qeydə alınıb.
20 ən böyük yük limanı arasında Bremerhaven (2023-cü ildə ümumi tonajın 89%-i), Pirey (85,8%) və Valensiya (70,1%) ən ixtisaslaşmış konteyner aşırma mərkəzləri kimi seçilib. Maye yüklərin aşırılmasında ən ixtisaslaşmış limanlar Kartagena (74,4%) və Triest (70,3%) olub. Konstansa (60,6%) və Niderland Zelandiya (53,9%) limanları quru və toplu yüklərin aşırılmasında, İsveçin Höteborq limanı Ro-Ro yüklərində (24,7%) fərqləniblər.
“Portnews.ru”-nun daha əvvəl bildirdiyi kimi, 2023-cü ildə Aİ limanlarında dəniz yüklərinin ümumi aşırılması 3,9% azalaraq 3,4 milyard ton təşkil edib. Konteyner dövriyyəsi 4,4% azalaraq 92,4 milyon TEU olub.