2024-cü ilin yanvar-sentyabrında dünyada 410 konteyner gəmisi tikilib
2024-cü ilin yanvar-sentyabr aylarında dünyanın bütün gəmiqayırma müəssisələrində 410 konteyner gəmisi tikilib. Təhvil verilmiş yeni gəmilərin ümumi konteyner tutumu 2,5 milyon TEU (2023-cü ildə - 2,3 milyon TEU) olub.
“Seanews.az” BIMCO-nun bazar araşdırmasına əsasən xəbər verir ki, 2024-cü ilin ötən dövrü üçün sifarişlərin sayı keçən illə müqayisədə iki dəfədən çox artaraq 3,3 milyon TEU tutumlu 286 gəmi təşkil edib.
Sifariş edilən bütün gəmilərin konteyner tutumu 7,6 milyon TEU-ya və ya ümumi donanma tutumunun 25%-nə çatıb. 2024-cü ilin iyun ayının əvvəlində bu rəqəm 5,9 milyon TEU olub.
Araşdırmalara görə, gəmilərin istismarı ilə bilavasitə məşğul olan gəmi sahibləri hazırda sifariş kitabının 78%-nə, donanmanın isə yalnız 60%-nə nəzarət edirlər.
Köhnəlmiş gəmilərin təkrar emalı aşağı səviyyədə qalır, buna görə də yeni konteyner gəmilərinin istismara verilməsi qlobal konteyner donanmasının 8,7% - ümumi tutumu 30,4 milyon TEU olan 6,7 min vahidə qədər artmasına səbəb olub. Bu, 2020-ci ilin əvvəli ilə müqayisədə 32% artım deməkdir.