Norveçin “TECO 2030” şirkəti müflis olduğunu elan edib
Norveçin gəmiçilik üçün yanacaq elementlərinin istehsalı üzrə ixtisaslaşmış “TECO 2030” şirkəti müflis olduğunu elan edib.
“Seanews.az”ın məlumatına görə şirkət 10 dekabr 2024-cü ildə Oslo Fond Birjasına müvafiq ərizə təqdim edib.
“Direktorlar Şurası şirkəti müflis elan etmək qərarına gəldi. Şirkətin fəaliyyətini davam etdirmək üçün kifayət qədər kapital olmadığından qərar yekdilliklə qəbul edildi”, - deyə məlumatda bildirilir.
2019-cu ildə təsis edilən “TECO 2030” şirkətinin mütəxəssisləri gəmilər üçün hidrogen yanacaq elementləri hazırlayırdılar.
“TECO 2030”-un baş direktoru Tore Engerin fikrincə, yaşıl layihələrə investisiyalar təkcə Norveçdə deyil, bütün Avropada - həm özəl investorlar, həm də dövlətlər tərəfindən azalıb. Zavodunu işə salmaq üçün isə şirkətə ən azı 35 milyon dollar lazımdır.
Qeyd edək ki, bundan əvvəl “TECO 2030”-un törəmə şirkəti olan “TECO 2030 Innovation Center” müflis elan olunmuşdu.