Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

s

Portuqaliyanın paytaxtı Lissabon insanı valeh edən şəhərdir. Burada il ərzində günəşli günlərin sayı 290 gündür, temperatur isə nadir hallarda 15 dərəcə istidən aşağı düşər. Bu şəhərdə Atlantik okeanının çimərliklərindən zövq almaq və dəniz məhsullarına əsaslanan yeni yeməkləri kəşf etmək olar. Lissabonda ənənələr və qədim tarix “hi-tech” üslubunda müasir əyləncələrlə və innovasiyalarla tam uzlaşır. Ən başlıcası isə portuqaliyalılar qonaqpərvərlikləri ilə tanınır və ölkədə çoxsaylı turistlərin olmasından həmişə məmnundurlar. “Ekspo”, Okeanarium və Jil 1998-ci ildə Lissabonda “Ekspo” Ümumdünya Sərgisi keçirilib və bunun nəticəsində şəhərdə yeni müasir rayon meydana gəlib. Bu ümumdünya sərgisi vaxtilə Parisə Eyfel qülləsini, Brüsselə Atomiumu hədiyyə etdiyi kimi, “Ekspo-1998” də özündən sonra Lissabonda bir sıra diqqətəlayiq tikililər qoyub. Belə ki, Teju çayının sahili boyunca 5 kilometr ərazidə, şəhərin şərq hissəsində futuristik görkəmdə “Gare do Oriente” vağzal terminalı inşa edilib. Hazırda bu terminal qatarları, metronu, avtobusu və taksini əhatə edir. Komplekslə üzbəüz binada “Vasco da Gama” ticarət mərkəzi yerləşir. Bir qədər uzaqda məşhur dəniz səyyahının adını daşıyan daha iki tikili – yelkən formasında Vasko da Qama qülləsi və Avropanın ən uzun körpüsü yerləşir. Lakin turistlərin buraya gəlməsinin başlıca səbəbi Millətlər parkındakı Okeanariumdur. Yeri gəlmişkən, Vasko da Qama qülləsindən Okeanariuma Teju çayının üzərindən keçən kanat yolla gəlmək olar. Hər il Okeanariuma təxminən bir milyon ziyarətçi gəlir və o, haqlı olaraq Portuqaliyada ən populyar mədəni attraksion sayılır. Okeanariumun qeyri-adi binasının müəllifi ABŞ memarı Piter Çermayefdir. O, həmçinin Osakada və digər yerlərdə okeanariumun dizayneridir. Kompleksin baş akvariumu 5 milyon litr dəniz suyu tutur. Dörd dəniz pavilyonu vahid okean təsəvvürünü formalaşdırır. Okeanariumda tropik flora və faunanı, Dünya Okeanının ilıq və soyuq sularını əks etdirən yerüstü və dəniz ekosistemlər təqdim edilir. Okeanariumun kolleksiyasına quşlar, məməlilər, balıqlar və digər dəniz heyvanlarından ümumilikdə 450 növü əhatə edən 16 min canlı daxildir. Böyük akvariumda köpək balıqları, skatlar, barrakudalar, xanı balığı, muraenalar, tuneslər və digər balıqlar üzür. Onların arasında ən unikalı ay-balıqdır. Ona digər okeanariumlarda az rast gəlinir. Quşlar üçün ayrılmış ayrı-ayrı pavilyonlarda qaqarka, su qaranquşu, nazikdimdik kayra, atlantik tupiki, Magellan pinqvinləri və başqaları seçilir. Okeanariumda məməlilərdən maraqlı dəniz samuru var. Amfibiyalar üçün böyük pavilyon ayrılıb. Burada xallı salamandrlar, timsah-tritonlar, Avropa meşə qurbağası, quru qurbağası və faunanın digər nadir nümayəndələrini görmək olar. “Ekspo” ərazisini tərk edərkən 1998-ci il Ümumdünya Sərgisinin talismanı, çay sahilində heykəli qoyulmuş Jil ilə fotoşəkil çəkdirməyi yaddan çıxarmayın. Talisman XV əsr portuqal dəniz səyyahı Jil Eaneşin şərəfinə adlandırılıb. Okean çimərlikləri, Azadlıq prospekti və restoranda sürpriz Daha sonra biz Lissabonun çimərliklərindən birinə getməyi və Atlantik okeanının sularına baş vurmağı qərara aldıq. Şəhərin ən yaxşı çimərlikləri Lissabonun okean sahillərindən Kaşkayş kurort şəhərinə qədər davam edir. Şəhərin mərkəzindəki “Cais do Sodré” dəmir yolu stansiyasından Kaşiaş çimərliyinə elektrik qatarı ilə 15 dəqiqəlik yoldur. Qatarda daha 10 dəqiqə getməklə populyar Oeyraş çimərliklərinə çatmaq olar ki, biz də bunu etdik. Qatarın saxladığı dayanacaqdan Müqəddəs Amaro çimərliyinə (Santo Amaro de Oeiras) 10 dəqiqə piyada getmək lazımdır. Burada əhali sovet dövründə Bakı çimərliklərində olduğu kimi çoxdur. “McDonalds”ın yaxınlığında soyunub-geyinmə, parklama yerləri, ayaqları suya çəkmək üçün su kranı var. Sahildəki narın və sarımtıl qum Abşeron çimərliklərinin qumunu xatırladır. Lakin okeanın suyu çox fərqlənir – hiss olunur (subyektiv) ki, o, buzlu sudur, özü də avqust ayında! Lakin hava istidir – müsbət 32-35 dərəcə və çimmək çox xoşdur. Bu çimərliyin daha bir xüsusiyyəti onun dərinliyindədir – dərinlik sahildən təxminən 2-3 metr məsafədə birdən başlayır, buna görə də adamların əksəriyyəti çimərliyin sahilə yaxın kiçik hissəsinə toplaşır və uzağa üzmür – hər halda okeandır. Lissabona qayıtdıqdan sonra biz ac olduğumuz üçün restoranlardan birinə getdik ki, bu barədə sizə mütləq söhbət açmaq istəyirəm, çünki bu restoran bizim üçün qiymət və keyfiyyət baxımından əsl kəşf oldu. “Valverde” butik-otelinə məxsus restoran məşhur Azadlıq prospektinin (Avenida da Liberdade) düz ürəyində yerləşir. Eni 90 metr olan bu prospekt XIX əsrdə, 1879-1882-ci illərdə Parisin Yelisey çölləri üslubunda tikilib və təmtərağına görə dünyada 35-ci prospektdir. Burada nüfuzlu evlər, dəbdəbəli otellər, kafelər, teatrlar və təmtəraqlı mağazalar var ki, bu barədə bir qədər sonra danışacağıq. “Sítio Valverde” restoranı otelin aşağı mərtəbəsində yerləşir. Buradan hovuzlu və bağçalı daxili həyətə çıxış var. Restoranda yaradılmış şərait istirahət üçün hesablanıb, insan burada özünü şəhərin mərkəzində deyil, kurortda olduğu kimi hiss edir. Menyu seçimində biz ofisiantın tövsiyəsinə əməl etdik. O, bizə birinci balqabaq krem-şorbasını, yanında qızardılmış qoz və xamalı sous, habelə tunesdən tomatlı və avokadolu Tataki təklif etdi. Əsas yeməklərə xanı balığı, krevetkalar və dəniz məhsullarından sousla birlikdə talyatelli (əriştə) və qızılbalıqdan hazırlanmış Teriyaki, yarma və tərəvəz qızartması daxil idi. Biz yeməklərin adını təsadüfən sadalamırıq. Bunların qiymətini biləndən sonra sizə hər şey aydın olacaq. Beləliklə, isti yeməkdən sonra desertə keçdik. Bu, marakuyya parfesi, bişmiş kremli və meyvəli keks, habelə manqolu Pavlova (bize), çay və qəhvə idi. Bütün bunlar bir nəfər üçün 26 avroya başa gəldi. İnanın, bu, Avropa üçün baha deyil! Özü də restoranda yalnız təzə ərzaqlardan istifadə edilir, menyu isə hər gün dəyişir. Lissabona gedən və ağzının dadını bilənlərin bu ünvanı yadda saxlamasına dəyər. Qloriya funikulyoru, “Colombo” və Moda Klinikası Azadlıq prospektinin yaxınlığında Lissabonun daha bir görməli məkanı yerləşir. Bu, 1885-ci ildən fəaliyyət göstərən Qloriya funiklyorunun dayanacağıdır. O zamanlar hidravlik dartı qüvvəsi ilə işləyən funikulyor 1915-ci ildə elektrikləşdirilib. Kiçik tramvaya oxşayan funikulyora minmək üçün növbəyə durmaq lazımdır. Növbədə əsasən turistlər olur. Funikulyor hər 10-15 dəqiqədən bir gəlir. Qloriya marşrutunun uzunluğu isə cəmi 265 metrdir ki, bu məsafə 3 dəqiqəyə qət olunur. Siz bu məsafəni piyada 5-10 dəqiqəyə keçə bilərsiniz. Bu funikulyor bizim Lissabonda görməli olduğumuz ən qəribə əyləncədir və qiyməti 3,6 avrodur. Bir qədər də Lissabonda şopinq barədə danışaq. Biz “Vasco da Gama” ticarət mərkəzindən başqa, Portuqaliyada olduqca böyük “Colombo” moluna getdik. Bu, “Colégio Militar” metrosunun girişindədir. Oradakı mağazaların sayı ölkənin istənilən ticarət mərkəzində olduğundan çoxdur: 340 mağaza, yemək üçün 60 məkan –kafelər, restoranlar, qəlyanaltıxanalar, boulinq-park, 9 zaldan ibarət, o cümlədən IMAX sistemli kinoteatr, idman klubu, açıq bağça – bütün bunların hamısı “Colombo” molunda yerləşir. Ticarət mərkəzinin daxili interyeri coğrafi kəşflər dövrünə aparır: heykəllər, fontanlar, böyük qlobuslar və s. Siz burada uşaq, qadın və kişi geyimləri, dəbli aksesuarlar, “hər şey ev üçün”, texnika, zərgərlik məmulatı və saat mağazalarını, “Primark” hipermarketini və “Continente” ərzaq supermarketini görə bilərsiniz. Əgər sizi lüks brendlərin butikləri naraqlandırırsa, onların əksəriyyəti Azadlıq prospektindədir ki, biz bu prospekt barədə məlumat vermişik. Burada ekstravaqant adı olan JNCQUOI Moda Klinikası (JNCQUOI Fashion Clinic) mağazalar kompleksi yerləşir. Burada geyim, ayaqqabı, çanta, ətriyyat və aksesuarlar təklif edən “Balenciaga”, “Givenchy”, “Gucci”, “Prada”, “Valentino” və digər moda evlərinin mağazalarını görmək olar. Yorulanda bizim kimi “The DeliBar”a girib dincəlmək və qəlyanaltı etmək olar. Yüngül salatlar, istridiya, pendir və kokteyllər sizin qüvvənizi bərpa edəcək. Burada dəniz məhsullarından çox dadlı yeməklər bişirirlər. Yeri gəlmişkən, “Fashion Clinic” Fransanın “Ladurée” qənnadı evinin Portuqaliyada eksklüziv distribüteridir. Məşhur fransız desertlərindən biri olan makaron pirojnasını ilk dəfə məhz onlar hazırlayıb. Dünyanın 28 ölkəsində təqdim edilən bu brend çox yüksək keyfiyyətli desertləri, şokoladları ilə məşhurdur. Siz bunlardan Lissabonda dada bilərsiniz. Azərtac Fotolar Fərhad Həşimovundur


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır