Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

Abşeron Milli Parkında həvəskar balıq ovu turniri keçirilib – VİDEO

Ölkədə sivil balıq ovunun təbliğatı və təşviqatı üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın Həvəskar Balıqçılar İttifaqı ilə birgə Abşeron Milli Parkında “Brakonyerliyə son” devizi altında həvəskar balıq ovu turniri keçirib.

“Report” xəbər verir ki, ilk dəfə Abşeron Milli Parkında keçirilən turnirin əsas məqsədi brakonyerliyə son qoymaq, sivil balıq ovlanması qaydalarına əməl edərək icazə verilən ərazilərdə, icazə verilən vaxtlarda və icazə verilən alətlərlə balıq ovu qaydalarını təbliğ və təşviq etmək olub.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan turnirdə 50-dən çox həvəskar balıqçı iştirak edib.

Abşeron Milli Parkının direktoru Etibar İbrahimov bildirib ki, qadağan olunmuş vasitələrlə balıq ovlayanlar su canlılarının kütləvi məhvinə səbəb olaraq onların artımının qarşısını alırlar: “Balıq populyasiyasının artırılması üçün yetişdirilmiş balıq körpələri su hövzələrinə buraxılır. Amma vandal üsulla balıq ovlayanlar bu artımın qarşısını alırlar. Bəlkə də belə vandal üsullarla ov edənlərin sayı ölkədə minlərlədir. Deməli, belələri ilə mübarizə təkcə bir qurumun üzərinə düşməməlidir. Daha yaxşı nəticə əldə etmək üçün ictimaiyyətin də bizə dəstək verməsi vacibdir. İstəyirik ki, hər kəs icazəsiz vasitələrlə balıq ovlayanlara iradlarını bildirsin, vətəndaş mövqeyi nümayiş etdirsin. Həvəskar balıqçılar üçün keçirilən bu tədbirin də məqsədi ölkədə sivil balıq ovlanması mədəniyyətini formalaşdırmaq, qaydalar çərçivəsində balıq ovlanmasını təşviq etməkdir”.

Azərbaycanın Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev bildirib ki, bəziləri sosial şəbəkələrdə torlarla, cərəyanlarla balıq ovlayanlar barədə video və şəkillər paylaşaraq belə hallara görə ETSN-i ittiham edir: “Nazirlik tərəfindən bununla bağlı qanunauyğun tədbirlər görülür, lakin brakonyerliyin tam aradan qaldırılması, tezliklə nəticə əldə olunması üçün birgə mübarizə aparılmalı, ictimai qınaq olmalıdır. Məncə ictimai qınaq hüquqi və inzibati tənbehlərdən daha effektli olur. Buna qarşı mübarizə aparmaq təkcə nazirliyin işi deyil, hamımız bu işdə birgə mübarizə aparmalı, brakonyerlərə qarşı mövqeyimizi bildirməliyik. Bu, hər kəsin vətəndaşlıq borcudur”.

Turnirdə iştirak edən həvəskar balıqçı Ramin Yağnəliyev Abşeron Milli Parkında təşkil olunan təşviqedici turniri çox önəmli bir təşəbbüs adlandırıb: “Biz əvvəllər də başqa turnirlərdə iştirak etmişik. Turnirin milli park ərazisində keçirilməsi brakonyerlərin qadağan olunmuş vasitələrlə balıq ovuna son qoymaları üçün bir çağırışdır. Burada iştirakımla brakonyerlərə bir mesaj göndərmək, onlara örnək olmaq istəyirəm. Balıqçıları sivil qaydada ov etməyə səsləyirəm. Biz Milli Parkda balıq tutmaqla yanaşı, gözəl bir məkanda asudə vaxtımızı səmərəli keçirdik, istirahət etdik, təbiətin gözəlliyindən zövq aldıq”.

Turnirdə iştirak edən digər balıqçı Müşfiq Həsənov da balıqçıların tor və digər qadağan edilmiş vasitələrlə balıq ovlamasının əleyhinə olduğunu söyləyib: “Hər kəs bilməlidir ki, sənaye balıq ovunun aparılması mayın 1-dən sentyabrın 1-dək qadağandır. Həmin vaxtlarda balıqların ovlanması yolverilməzdir. Biz bütün balıqçıları qaydalara riayət etməyə, brakonyerliyə son qoymağa çağırırıq. Ümidvarıq ki, bu tədbir məqsədimizə nail olmağa bir vəsilə olacaq”.

Milli parka istirahətə gələn yerli və xarici turistlər də turniri çox maraqla izləyib, maraqlı və maarifləndirici təşəbbüsü yüksək qiymətləndirib və belə tədbirlərin müsbət nəticə verəcəyinə inandıqlarını bildiriblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycanın Həvəskar Balıqçılar İttifaqı belə tədbiri keçirməklə hər bir vətəndaşı balıq ehtiyatlarının qədrini bilməyə, faunamıza dost münasibət bəsləməyə və gələcək nəsillər üçün onu qorumağa çağırır.

Sonda həvəskar balıqçılar Azərbaycanın Həvəskar Balıqçılar İttifaqı tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.

 Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır