Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Beş inanılmaz sualtı sənətçi - FOTOLAR

Dəniz əsrlər boyu təsəvvürümüzü və fantaziyamızı zənginləşdirib, lakin bəzi rəssamlar ona daha da fərqli yanaşırlar. Onlar zəkalarının, bədənlərinin və bədii proseslərin sərhədlərindən bir addım o yanda yatan potensiala qucaq açıblar.

Bu sənətçilər qorxulu canlılarla üzləşməkdən çəkinmirlər və əl işləri naminə suda nəfəs almağa alışaraq işləyirlər.

Gözəllik İzində: Dalğalar Altında İncəsənət söhbətində Emma Critchley quru torpaqdan bezən rəqqaslar, heykəltəraşlar və rəssamlarla söhbət edir.

Jason deCaires Taylor

Su altında heykəllər

Britaniyalı heykəltəraş Jason deCaires Taylor dənizin dibində real insan ölçülü beton heykəllər inşa edir. O, izləyicilərini akvariumda suyun altına endirir və dənizin dibindəki muzeyini onlara təqdim edir.

Karib və Kanarya adalarını əhatələyən mavi suların altında Taylorun ucaltdığı əbədi əsərlərin arasında balıqlar üzür və heykəllərin üzündə əmələ gələn mərcanlar onlara sanki bir həyat bəxş edir. Heykəllərin hər biri yerli icmadan real insanların qəlibi əsasında hazırlanıb. Qəlibə salmağa adam axtarmaq məqsədilə ilə Taylor tez-tez küçələrdə və sosial mediada dolaşır.

Görməyə alışdığımız mükəmməl dəriyə malik klassik arıq modellər əvəzinə o, sualtı canlıları cəlb etmək üçün çopurlu, qırışlı üzlərə və dənizin gücünə tab gətirə bilsin deyə ağır bədənlərə üstünlük verir.

Olly Williams və Suzi Winstanley

Su altında rəsm

Həssas heyvan dünyası haqqında sənədli film və yazılar hazırlamaq həvəsi rəssamlar Olly və Suzini planetimizin ən ekstremal və qorxulu dənizlərinə aparıb. Rəssamlar dəniz bəbirləri və nəhəng ağ balinalar ilə üzür, sıfırın altındakı temperatura tab gətirən üzgüçü kostyumu geyinir, ürəkbulanması və keyimiş əllərin sızıltısına dözə bilirlər.

Su altında rəsm əsərlərini ərsəyə gətirdikdən sonra, vəhşi təbiətin təbii mühit təcrübələrini əks etdirən vərəqlə ya aysberq, ya da gəmi üzərinə çıxırlar. Təəccüblüsü budur ki, Suzi sudan qorxarmış. Amma deyir ki, qarşılaşdığı canlıları lazerə bənzər fokusu vasitəsilə qələmə alması, onu dərinlik qorxusudan yayındırır.

Julie Gautier

Qadın

Reuinion adalarında balıqçı və rəqqasə ailəsində dünyaya göz açan Gautier kinorejissordur. Onun mükəmməl filmləri su altında çəkilir.

Sakitcə əbədi uçuruma düşən fiqur, suyun dibində fantastik şəkildə qaçan kişi, dənizin dibində evlənən cütlük və sair. Bu filmlərin hamısı və daha çoxu Gautierin kamerasından yaranıb. AMA adlı filmində Gautier dünyanın ən dərin hovuzunun dibində rəqs edir. Dürr kimi aydın suyun içində onun hərəkətləri son dərəcə incə və poetik alınıb. Bədəni bir neçə metr dərinlikdəki suyun içində olsa da, o, havasız şəraitdə rəqs etməyi bacarır.

Dalğıc avadanlıqları olmadan suya girmək Gautierə azadlıq bəxş edir. 

Peter Matthews

xəritə

Dünyanı dolaşan Peter Matthews günün 11 saatını okeanda üzə-üzə şəkil çəkərək keçirir.

Matthews kağızı köhnə faner parçasına bərkidir, sevimli qələmlərini toplayır və suyun altına dalır. Suya dalar-dalmaz o sanki tərki-dünya olur. Bir neçə saat sonra isə mavi və qara mürəkkəblə qeydə aldığı rəsmlər və cızma-qaralar ilə suyun üzünə çıxır.

Matthews bu cür dözümlülük şücaəti göstərmək naminə yaxşı hazırlaşır. Belə ki, ləpə və meyvə yeyir və sudan çıxdıqdan sonra sahildə qurumaq üçün ocaq tədarükünü öncədən görür. Lakin dəniz gözlənilməz hadisələrlə zəngindir: meduzalar, 'yırtıcı' axınlar və fırtınalar onun həyatının bir hissəsidir.

Estabrak Al-Ansari

Su

İranda doğulan və Londonda böyüyən İraq əslli Estabrak Al-Ansari Omanda işləyir. O, qurşaqdan aşağı hissəsi geyimdə, başı görünməyən və naməlum insanları lentə alır.

Sualtı dünya onun üçün hekayələrini dilə gətirmək mənasında sakit və təhlükəsiz bir yerə çevrilib.

Al-Ansari ekranı olmayan fotoaparatlardan istifadə edir. O, özünü torpağın üzərindəki sıxıntılardan azad edir və suyun altındakı işıq və hərəkətə instinktiv olaraq cavab verir.

BBC


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır