Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Ən müəmmalı şəkildə qeybə çəkilmiş gəmilər

Dənizçilik tarixi boyunca dünya okeanında yüzlərlə gəmi batıb, yüz minlərlə insan həyatını itirib.  Doğrudur, rabitə və radar sistemlərinin texniki inkişafı, izləmə sistemlərinin Yer kürəsinin bütün guşələrini əhatə etdiyi dövrdə qəzaların sayında azalma müşahidə olunur. Bununla belə, gəmilərin batması hallarına hələ də rast gəlinir. Bunların arasında dəniz nəqliyyatı vasitələrinin müəmmalı şəkildə yoxa çıxmaları da var.

Bu yazıda sizə sirli gəmi qəzalarından danışacağıq.

“Kopenhagen” yelkənli gəmisi



1921-ci ildə inşa edilmiş Danimarkanın "Kopenhagen" adlı yelkənli gəmisinin ömrü cəmi 7 il olur.  1928-ci ilin dekabrında gəmi Buenos Ayresdən Avstraliyanın Melburn şəhərinə doğru istiqamət alır. Yol təqribən bir ay yarım davam etməli olsa da,  bir həftə sonra “Kopenhagen” ilə əlaqə kəsilir.

“Kopenhagen” həm də təlim gəmisi idi. Son səyahət zamanı heyətin əksəriyyətini kursantlar təşkil edirdi. 1935-ci ildə Cənubi Afrikanın Namib səhrasında 7 nəfərin skeleti tapılır. Uzun sürən ekspertizaların nəticələri skeletlərin Danimarka ticarət donanmasının kursantlarına aid  olduğu sübut edilir.

Bu gəmi dövrünün ən böyük və ən etibarlı yelkənli gəmilərindən biri hesab olunurdu. “Kopenhagen”-in gövdəsi yüksək keyfiyyətli poladdan hazırlanmışdı.


“Siklop”



“Siklop” ABŞ Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmisi sayılırdı. Gəmi 1918-ci ilin martında Bermud üçbucağında itib. 306 nəfərdən ibarət heyət üzvü və sərnişini olan gəmi manqan filizi daşıyırdı. “Siklop”la yaradılmış ən son əlaqədə qeyri-adi vəziyyətin baş vermədiyi və marşrut boyu havanın sakit olması bildirilirdi.

Axtarışlar zamanı hər hansı bir dağıntı, yanacaq izi, qayıq və ya ölən dənizçilərin cəsədlərini tapmaq mümkün olmayıb. Gəminin alman sualtı qayığı tərəfindən batırılması versiyası irəli sürülür, ancaq Almaniya bu məlumatı təkzib edir. Digər versiyalar arasında gəminin zəbt edilməsi, manqan partlaması və s var. Lakin fərziyyələr dəqiq təsdiqini tapmayıb.


“Lyubov Orlova” kruiz gəmisi



SSRİ kruiz gəmisi “Lyubov Orlova” 1976-cı ildə Yuqoslaviyada inşa edilib və 1999-cu ilə qədər Uzaq Şərq Gəmiçilik Şirkətinin donanmasının tərkibində olub. Sonra gəmi Arktik ekspedisiya üçün başqa bir şirkətə təhvil verilib. 2013-cü ildə isə gəmini utilizasiya üçün Kanadadan Dominikan Respublikasına aparmaq planlaşdırılır. Üzmə zamanı gəmini yedəyə alan gəminin trosu qırılır. 24 yanvar 2013-cü ildən kruiz gəmisi Atlantik okeanda sürüklənməyə başlayır. O vaxtdan bəri gəminin bu və ya digər ərazidə göründüyü barədə mütəmadi məlumatlar yayılır, ancaq onların heç biri təsdiqini tapmır. Onun hazırki “taleyi” haqqında məlumat yoxdur.

“Kotopaxi” gəmisi



29 Noyabr 1925-ci ildə kömür daşıyan “Kotopaxi” gəmisi Çarlstondan Havana istiqamətində hərəkət etməyə başlayır. İki gündən sonra gəmi həyəcan siqnalı verir və sonra itir. Heyəti tapmaq cəhdləri  isə nəticə  vermir. Xilasedicilər heç bir iz tapmırlar.

İtmiş gəminin taleyini aydınlaşdırmağı dəniz bioloqu Maykl və tarixçi Qay Uolters öz üzərinə götürür. Araşdırmalardan sonra gəminin Müqəddəs Avqustin limanının ərazisində batdığı ehtimal olunur.  Bu yaxınlarda  Bermud Üçbucağı yaxınlığında müəmmalı şəkildə itən “Kotopaxi” adlı gəminin qalıqları tapılıb.





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır