Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir

Bu gün Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir.

1993-cü ilin iyun-iyul aylarında Gəncədə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdamın müdafiəsini həyata keçirən yerli özünümüdafiə batalyonları erməni silahlı birləşmələri ilə qanlı döyüşlərə girdi. Ancaq heç bir kömək almayan batalyonların döyüşçüləri iyulun 23-də geri çəkilməyə məcbur oldular. Bununla da 43 gün düşmənə sinə gərmiş Ağdam şəhəri süqut еtdi. İşğalçı erməni silahlı birləşmələri еvlərə od vurdu, mədəniyyət abidələrini dağıtdı, insanların əmlaklarını qarət еtdi, şəhəri tərk еdə bilməyən dinc əhaliyə amansız divan tutdu. Ağdam rayonunun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edildi, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törətdilər.

Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Onlardan 16-sı milli qəhrəmandır. Rayonun 160 min nəfər əhalisindən 128 mini ev-eşiyindən didərgin düşüb. Onlar ölkənin 62 şəhər və rayonunda məskunlaşıblar. İşğal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdamın işğalı ilə güclü iqtisadiyyatı, zəngin mədəni irsi olan bir bölgə itirildi.

Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində rayonun tamamilə işğalına yol verilmədi. Dağıdılmış kommunikasiyalar bərpa edildi, həyat üçün zəruri şərait yaradıldı. İdarə, müəssisə və təsərrüfatların fəaliyyəti bərpa edildi, iqtisadiyyat dirçəldi, digər yerlərdə məskunlaşmış ağdamlıların rayonla hərtərəfli əlaqəsi sahmana salındı. Ərazisinin üçdə ikisi itirilsə də, Ağdam rayon kimi yaşadı, ağdamlılar isə qurub-yaratmaq ənənələrini davam etdirdilər.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Ağdama göstərilən qayğının hüdudlarını xeyli genişləndirdi. Dövlətimizin başçısının bu rayona hər gəlişi quruculuq işlərinə yeni miqyas və dinamizm gətirdi.

Hazırda rayonun inzibati mərkəzi Quzanlı qəsəbəsində yerləşir. Bu qəsəbənin, eləcə də Ağdamın digər kəndlərinin abadlaşdırılması istiqamətində mühüm işlər görülüb. İqtisadiyyat yüksək inkişaf yoluna çıxarılıb.

Bu gün məcburi köçkün həyatı yaşayan ağdamlıların ən böyük arzusu tеzliklə doğma yurda qayıtmaqdır. Hər bir ağdamlı əmindir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gündən-günə qüdrətlənən ölkəmizin üçrəngli bayrağı Azərbaycan ərazisinin hər yerində dalğalanacaq - işğal altındakı torpaqlarımız azad ediləcək.

Ağdam  təkcə ağdamlılar  üçün yox, bütün azərbaycanlılar, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əzizdir. Bu, sular qoynunda fədakarlıqla üzən dənizçilərimiz üçün də belədir. Hazırda ASCO-nun Nəqliyyat Donanmasının tərkibindəki bərələrdən  biri Ağdamın adını daşıyır.

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır