Təqaüdçü kapitana yubiley medalı təqdim olunub
Uzun müddət kapitanın baş köməkçisi və kapitan vəzifəsində işləmiş, hazırda təqaüddə olan Boris Kasimov Fyodoroviçə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.
Qocaman dənizçiyə yubiley medalını ASCO-nun Dəniz Nəqliyyatı Donanmasının rəisi Çingiz Səfərov təqdim edib. Donanma rəisi Boris Kasimovu təbrik edərək ona cansağlığı arzulayıb. Boris Kasimov öz növbəsində verilən yüksək qiymətə görə minnətdarlığını bildirib.
Boris Kasimov 1933-cü ilin iyulunda doğulub. Ömrünün 62 ilini dənizçilik sahəsinə həsr edib. O, əmək fəaliyyətinə matrosluqdan başlayıb, kapitan vəzifəsinədək yüksəlib. ASCO-nun Nəqliyyat Donanmasına aid müxtəlif gəmilərdə çalışıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır