Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Küləyi "sıxışdıranlar"

19-cu əsrin axırlarına yaxın buxarla işləyən gəmilərin yelkənli gəmilərə nisbətən üstünlüyü əhəmiyyətli dərəcədə artırdı.

Uğurlu manevri və küləyə qarşı inamla hərəkət edə bilməsi bu tip gəmilərin yelkənli gəmilərdən əsas üstünlüyü hesab olunurdu. Təbii ki, buxarla işləyən gəmilərin  kömürə tələbatı böyük idi və hətta o vaxtın yeni texnologiyası hesab edilən bu gəmilər belə uzun səfərlər zamanı səmt küləyi hesabına irəliləyirdi.

Amma yelkənlilər də hələ tam təslim olmaq fikrində deyildi. Yelkənli gəmi erasının sonuna yaxın bu tip gəmilərin inşası ilə məşğul olanlar son akkord kimi daha iri yelkənli gəmilər istehsal etməyə başladılar. İngilis dilindən hərfi tərcümədə “küləyi sıxışdıranlar” (windjammer) adlandırılan bu gəmilər həmin dövrdə Atlantik okeanını üzüb keçmək üçün ən əlverişli su nəqliyyat vasitəsi hesab edilirdi.

Pərçim üsulu ilə metal təbəqələrdən hazırlanmış, uzunluğu 150 metrə çatan möhkəm korpusun (gövdənin) üzərində 4-7 polad dor ağacı qoyulurdu. Vindcammerin hər dor ağacının ağırlığı 3,5 tondan 5 tona qədər idi, polad takelaj kanatları isə buxar maşınlarının köməyilə hərəkətə gətirilirdi. 

 

 

 

Çox dor ağacı çox yelkən demək idi. Bu yelkənləri küləyin əsdiyi səmtə yönləndirmək üçün xüsusi qurğu da olurdu. Beləliklə “küləyi sıxışdıraraq” gəmini hərəkətə gətirmək üçün sürət yaranırdı. Əsas rəqibi buxarla işləyənlər olan bu gəmi rahatlıqla açıq okeanda 14-17  uzel (27-32 km/saat) sürət yığa bilirdi.

Vindcammerlərin bu keyfiyyətlərinə görə ona tələbat artmağa başladı. Gəmi inşaatçıları qısa müddətdə yükdaşıyan gəmiləri layihələndirib sifarişçilərinə təhvil verir, onlar da öz növbəsində müxtəlif yüklərin daşınması xidmətlərini müştərilərinə satırdılar. Mövcud olduğu 50 ilə yaxın müddətdə ümumilikdə okean və dəniz sularına 3500-dən çox “küləyi sıxışdıran” buraxılmışdır.

 

 

Hindistandan və Çindən çay, düyü, ekzotik meyvə, əlvan və qiymətli metallar, Avstraliyadan buğda və yun. Ev əşyalarından qədim mebel və musiqi alətləri.

Daşınan yüklərin çeşidi və təyinatı müxtləlif idi. Yeri gəlmişkən, musiqi alətlərinin məhz belə gəmilərdə daşınmasına üstünlük verilirdi. Mütəxəssislərin fikrinə görə, buxarla işləyən gəmilərin maşın mexanizmlərinin vibrasiyası bu qiymətli əşyalar üçün təhlükəli ola bilərdi.

Amma sonralar daşınan bəzi yüklərin əhəmiyyətini itirməsi, 2 dünya müharibəsi və bu gəmilərin hərbi məqsədlərlə istifadə edilməsi (müharibə zamanı bir çox belə gəmi batmışdı) yelkənli gəmilərin son nümayəndəsi olan vindcammerlərin də sonunu gətirib çıxartdı. 

 

 

Hal-hazırda qalan “vindcammerlər”-in ikisindən başqa hamısı “əbədi lövbər”də dayanıblar. Amma onlardan da müəyyən məqsədlərlə - məsələn, İsveçdə tələbələr üçün tədris gəmisi, Almaniyada muzey kimi istifadə olunur.  Dövrümüzə gəlib çatan 4 dor ağaclı Moshulu vincammerindən isə Filadelfiya buxtasında üzən 5 ulduzlu restoran kimi yaralanırlar. 

 

 

Rusiyaya məxsus 2 “küləyi sıxışdıran” hələ də açıq dənizə çıxır. “Kruzinştern” və “Sedov” yelkənli gəmiləri ticarət donanmasının tələbələri üçün dəyərli tədris vasitəsidir.  

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır