Daha təmiz yanacağa keçid vacibdir
“Mærsk Mc-Kinney Møller Center for Zero Carbon Shipping” qeyri-kommersiya müstəqil tədqiqat mərkəzi "Konteyner gəmilərinin “yaşıl” yanacağa çevrilməsi üçün hazırlanması" hesabatını dərc edib.
“Seanews.az”ın məlumatına görə, alternativ yanacağa keçid 2050-ci ilə qədər gəmiçiliyin dekarbonizasiyası üçün mühüm əhəmiyyət kəsb edəcək. Bir gəminin orta ömrü təxminən 25 il olduğundan, sahibləri gəmilərin karbon qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq məqsədlərinə çatmaq üçün təmiz yanacağa keçmək yollarını inkişaf etdirməlidirlər.
Mərkəzin qeyd etdiyi kimi, gəmi sahibləri alternativ yanacağa keçidin nə demək olduğunu araşdırarkən kritik suallarla üzləşirlər.
"Təhlillərimiz göstərir ki, texniki və iqtisadi cəhətdən gəmilərin çevrilməsi mümkündür və donanmaların alternativ yanacağa keçidində rol oynaya bilər. Üstəlik, çevrilmələr onların istifadə müddəti ərzində emissiyaların azalmasına faydalı təsir göstərir," – deyə “Mærsk Mc-Kinney Møller” mərkəzi bildirir.
Mərkəz çoxsaylı layihə tərəfdaşlarının rəyləri əsasında konteyner gəmiləri, quru yük daşıyanlar və tankerlər üçün mazutdan metanol, ammonyak və ya LNG-yə çevrilmə üzrə texniki tələbləri və xərcləri öyrənib. Birinci hesabatda konteyner gəmilərinin metanol və ya ammonyaka çevrilməsi layihəsinin nəticələri əks olunub və bundan sonra iki əlavə hesabat təqdim olunacaq.


