Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-05,
Seanews
Heyder Eliyev

Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin azyaşlı sakinləri üçün gəmi-muzeyə ekskursiya təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial ReabilitasiyaMüəssisəsinin bir qrup balaca sakini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində olub.

Bələdçilər həssas qrupdan olan ziyarətçilərə tanker-muzey haqqında ətraflı məlumat verib, onları ekspozisiya zalları ilə tanış ediblər.  

Bildirilib ki, “Suraxanı” tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar 2017-ci ildə verilib. Tankerin muzey kimi fəaliyyət göstərməsi üçün gəmidə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.

Uşaqlar burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı  istifadə edilən  avadanlıqlarla yaxından tanışlıq imkanı qazanıblar.

Balacalar muzeyin zallarında yerləşən müasir interaktiv oyunları və multimedia avadanlıqlarını isə xüsusi maraqla qarşılayıblar.

Uşaqlar Azərbaycan və dünya gəmiçiliyinə aid nadir eksponatlarla zəngin  dünyanın ilk tanker-muzeyindən xoş təəssürat və ovqatla ayrılıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır