“Amazon” dəniz daşımalarına üstünlük verəcək
Dünyanın ən böyük “e-ticarət” platformasının operatoru olan “Amazon”, Avropa terminalları arasında malların çatdırılmasını avtomobildən dəniz nəqliyyatına istiqamətləndirəcəyini açıqlayıb.
"İtaliya və İspaniyadakı anbarlarımız arasında daşınmaların təxminən yarısı hazırda dəniz yolu ilə həyata keçirilir", - deyə “Amazonun” Avropa İttifaqında yerüstü nəqliyyat üzrə vitse-prezidenti Helder Velyu bildirib.
Gələn il korporasiya daha on minlərlə yükü avtomobildən su nəqliyyatına istiqamətləndirmək niyyətindədir. “InfraNews” tədqiqat agentliyinin məlumatına görə, vitse-prezident nisbi ucuzluğu, ekoloji cəhətdən təmizliyi və sürəti su nəqliyyatının üstünlüklərindən hesab edir.
“Amazon” 2019-cu ildən Sardiniya və Siciliyaya ilk iki marşrutun işə salınması ilə anbarlar arasında yüklərin çatdırılması üçün dəniz nəqliyyatından istifadəni genişləndirir. “Amazon” hazırda Avropa üzrə 170-dən çox dəniz daşıma marşrutunu idarə edir. 2022-ci ildə dəniz və daxili su yolu ilə 60-dan çox yeni çatdırılma marşrutu açılıb. “Grimaldi Group” və “Stena Line” daşıyıcıları “Amazon”un tərəfdaşlarıdır.
“Seanews.az”


