ABŞ Çin balıqçılıq şirkətlərini qeyri-qanuni balıq ovu və insan hüquqlarını pozmaqda ittiham edir
ABŞ “Maqnitski qanunu”na əsasən Çinin balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin saytında bildirilir.
Sanksiyaların iki fiziki şəxsə, “Dalian Ocean Fishing Co., Ltd” və “Pingtan Marine Enterprise Ltd,” eləcə də Çin bayrağı altında üzən 157 balıqçı gəmisi daxil olmaqla şirkətlər şəbəkəsinə qarşı tətbiq edildiyi vurğulanır. Hesabatda deyilir ki, həmin fiziki şəxslər və şirkətlər insan hüquqlarını pozur və nizamsız balıq ovu ilə məşğuldurlar.
“Dalian Ocean Fishing Co. Ltd.” 32 balıqçı gəmisinə sahibdir. ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatdan belə çıxır ki, 2019-cu ilin fevralında şirkətin “LONG XING 629” balıqçı gəmisi 24 nəfərlik heyətlə dənizə çıxıb və 2020-ci ilin aprel ayına qədər Sakit okeanda işləyib. Komanda üzvləri qanunsuz olaraq köpək balığı üzgəclərinin hasilatı ilə məşğul olublar.
“13 ay limana yan almayan gəmidə orta iş günü 18 saat olub və vaxtı keçmiş ərzaq və duzsuzlaşdırılmış dəniz suyu ilə qidalanan 5 heyət üzvü dünyasını dəyişib”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, dənizdə yanacaq doldurulması və balıqların soyuducu yük gəmilərinə daşınması gəminin fasiləsiz işləməsinə şərait yaradıb. Dənizdə həlak olan 3 heyət üzvünün cəsədi evlərinə göndərilmək əvəzinə okeana atılıb. Sonrakı araşdırma zamanı məlum oldu ki, şirkətin bütün gəmilərində oxşar sui-istifadə hallarına yol verilib. Bəzi gəmilər iki ildən çox limana yan almadan dənizdə qalıb.
100 gəmidən ibarət donanmanı idarə edən və bir neçə törəmə müəssisəsi olan “Pingtan Marine Enterprise, Ltd.” şirkəti də oxşar pozuntulara görə ittiham olunur.
“Seanews.az”


