Ömrünün 50 ilini dənizçilik sahəsinə həsr edən Qulu Quliyev 80 illik yubileyini qeyd edir
Ömrünün 50 ilini dənizçilik sahəsinə həsr edən Qulu Böyükağa oğlu Quliyev 80 illik yubileyini qeyd edir.
Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları veteran dənizçini evində ziyarət ediblər.
Görüşdə yubilyarın gəmiçilik sahəsindəki xidmətləri xatırlanıb.
Həmkarları ona bütün dənizçilərin xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar. Yubilyar diqqət və qayğıya görə ASCO ailəsinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Qulu Quliyev 25 dekabr 1942-ci ildə anadan olub.
O, 1965-ci ildə Bakı Dənizçilik Məktəbinin “gəmi sürücülüyü” ixtisasını bitirib. Bununla belə, Qulu Quliyev sonradan Odessa Dəniz Mühəndisləri İnstitutunun "İstismar" fakültəsində təhsil alıb.
Əmək fəaliyyətinə 1965-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində başlayıb. 1968-ci ildə Xəzər Dəniz Neft Donanmasının Kadrlar şöbəsinə böyük mühəndis kimi işə düzəlib. Bir müddət sonra Kadrlar şöbəsinin rəisi vəzifəsinə irəli çəkilib. Qulu Quliyev ayrı-ayrı vaxtlarda XDND-nin Təhlükəsizlik üzrə baş mühəndisinin müavini, İdarənin gəmilərin istismarı üzrə rəis müavini vəzifələrində də çalışıb.
1992-ci ildə Azərbaycan Dövlət Neft Şirkətində fəaliyyətə başlayan Qulu Quliyev əvvəlcə Dəniz nəqliyyatı şöbəsinin rəis müavini, daha sonra Dəniz Nəqliyyatı İdarəsinin rəis müavini işləyib.
Qulu Quliyev 2014-cü ildə təqaüdə çıxıb.
14 sentyabr 2009-cu ildə Azərbaycan neftçilərinin peşə bayramı və “Əsrin müqaviləsi”nin 15 illiyi ilə əlaqədar ölkənin neft sənayesinin inkişafındakı xidmətlərinə görə Qulu Quliyev Prezident İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. Həmçinin, SOCAR-ın "Fəxri Fərman"ları ilə təltif olunub.
Yubilyar 24 iyun 2015-ci isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
İşgüzarlığı, məsuliyyəti və səmimiyyətinə görə hər zaman xüsusi hörmətlə xatırlanan Qulu Quliyevi 80 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, xoş günlər arzulayırıq.



