Ammonyakla işləyən yedək gəmisi hazırlayırlar
Yaponiyanın gəmiçilik və logistika şirkətləri “NYK Lines” və “HI Power Systems” ammonyakla işləyən ilk yedək gəmisi hazırlayırlar.
“Seanews.az”ın məlumatına görə, yaxın 10-20 ildə ölkədə dəniz nəqliyyatının əhəmiyyətli hissəsini bu təmiz yanacağa keçirmək niyyətindədirlər. Sənaye ammonyakından istifadənin hidrogendən daha perspektivli və daha rahat olduğunu nəzərə alaraq diqqəti də onun istifadəsinə yönəldiblər.
Təmiz ammonyak yanacağı çox güman ki, benzin, dizel, qaz və hətta hidrogenə alternativlərdən birinə çevriləcək. Amma, bir sıra üstünlükləri və mənfi cəhətləri var.
Ammonyak enerji intensivliyinə görə dizel yanacağı və benzindən təxminən iki dəfə geridə qalır. Ammonyak istehsalı ekoloji cəhətdən çirkli sayılır və bütün canlı orqanizmlər üçün zəhərlidir. Amma, ammonyakın saxlanması və daşınması hidrogendən daha asandır. Ammonyak yanacağının yanması zamanı zəhərli birləşmələr əmələ gəlmir. Onun istifadəsi istixana qazı emissiyalarına səbəb olmur.
Üstünlüklərini daha əhəmiyyətli hesab edən “NYK Lines” və “IHI Power Systems” şirkətləri dünyada ammonyakla işləyən ilk yedək gəmisini inkişaf etdirməyə qərar veriblər.
"Biz 2050-ci ilə qədər təmiz karbonsuz sıfıra nail olmalıyıq. Ammonyak ən sərfəli həll yoludur, çünki birincisi, o, sıfır emissiyaya malikdir və istixana qazları buraxmır. İkincisi, biz ammonyakın təhlükəsiz şəkildə nəqli üzrə uğurlu təcrübəyə malikik",- deyə layihənin baş meneceri Yokoyama Sutomu bildirib.
Bu gün gəmiçilik sənayesi qlobal CO2 emissiyalarının təxminən 3%-ni təşkil edir. Hesablamalara görə, 2050-ci ilə qədər sıfır istixana qazı emissiyasına nail olmaq üçün hidrogen əsaslı yanacaqlar, o cümlədən ammonyak dəniz yanacaqlarının 30%-ni təşkil etməlidir.


