“MOL” bazardakı mövqeyini gücləndirmək üçün iki şirkətini birləşdirəcək
“Mitsui O.S.K. lines, ltd.” bərə daşımaları və Ro-Ro kabotaj daşımaları üzrə ixtisaslaşan iki şirkəti - “MOL Ferry” və “Ferry Sunflower Limited”-in birləşəcəyini bildirib. Birləşmə 1 oktyabr 2023-cü il tarixinə planlaşdırılır.
“Seanews.az”-ın məlumatına görə, birləşmə nəticəsində yeni şirkət Yaponiyanın bərə və Ro-Ro kabotaj gəmilərinin ən böyük operatoru olacaq.
2023-cü ilin aprelində “MOL” bərələr, Ro-Ro kabotaj gəmiləri, kruiz gəmiləri və s. donanmasını birləşdirəcək bölmə (“Headquarters of Wellbeing & Lifestyle Business”) yaradacaq. Eyni zamanda, şirkət “MOL” Qrupunun bərə biznesində əsas rol oynayan iki şirkətin inteqrasiyası vasitəsilə daha da böyüməyə nail olmaq niyyətindədir.
Şirkət, nəqliyyat xidmətlərinin yaxşılaşdırılması üçün davamlı islahatlar aparır. Birləşmə idarəetmə resurslarının cəmləşməsinə imkan verəcək.
“Tokyo Mitsui O.S.K. lines, ltd.” (“MOL”, Yaponiya) dünya miqyasında həftəlik layner və logistika xidmətlərinin ən böyük şəbəkələrindən birini idarə edən nəqliyyat multimodal şirkətlər qrupudur. Qrupun istismar donanmasına ümumi dedveyti 50,8 milyon ton olan müxtəlif təyinatlı 698 gəmi daxildir. “MOL Group”-un işçilərinin ümumi sayı 8547, üzən heyəti 1099 nəfərdir.


