“Maersk” gəmiçilik şirkəti Rusiyadakı anbarlarını satıb
“Maersk” gəmiçilik şirkəti Sankt-Peterburq və Novorossiyskdəki logistika sahələrini “IG Finance Development Limited” şirkətinə satmaq üçün müqavilə bağlayıb.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, “Maersk”-in iki logistika sahəsinin satışı şirkətin 2022-ci ilin martında Rusiyadakı fəaliyyətini dayandırmaq qərarından sonra həyata keçirilir.
"Rusiyadakı iki logistika sahəmizə yeni sahib tapmaqdan çox şadıq və bununla da ölkədəki bütün aktivlərimizi satmaq qərarımızı həyata keçiririk. Satış prosesi boyunca biz şirkətdə qalan 50 işçi qarşısında böyük məsuliyyət hiss etmişik və biz onlara yeni strukturda iş təklif olunacağından məmnunuq”, - deyə “Maersk”-in baş kommersiya direktoru Karsten Kildal bildirib.
Novorossiyskdəki konteyner anbarının sahəsi 28 750, Sankt-Peterburqda 2020-ci ildə açılmış soyudulmuş və dondurulmuş məhsullar üçün anbarın sahəsi isə 23 500 kv. metrdir.
Müqavilə Aİ və Rusiyada lazımi tənzimləyici təsdiqləri alıb.


